Şirvanşahlar Sarayı Kompleksinin "3D" modeli təqdim edilib

Şirvanşahlar Sarayı Kompleksinin "3D" modeli təqdim edilib
  • Clock-gray 16:20
  • calendar-gray 02 Mart 2021

Martın 2-də Şirvanşahlar Sarayı Kompleksində Kompleksin 360°-li "3D" modelinin və bu model üzrə təşkil olunan virtual turların təqdimat mərasimi keçirilib.

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruq İdarəsinin (DTMQİ) Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, sayca üçüncü olan layihə, Bəylər məscidi, Qız Qalası tarixi-memarlıq abidələrinin 360°-li "3D" modellərinin və virtual turlarının hazırlanmasının davamıdır.

Layihə "İçərişəhər" DTMQİ, "EKM" Global Consulting GmbH şirkəti və "start-upper" Səbinə Zülalova tərəfindən həyata keçirilir.

Layihənin həyata keçirilməsində əsas məqsəd insanların məsafəli şəkildə İçərişəhərdəki muzey və ekspozisiyaları ziyarət edə bilməsi, həmçinin, təhsil müəssisələrinin Azərbaycan tarixinin, memarlığının və incəsənətinin öyrənilməsində əyani nümunə kimi muzey təcrübəsindən istifadə edə bilməsidir.

Qeyd edək ki, "İçərişəhər" DTMQİ və Almaniyanın "EKM" Global Consulting GmbH şirkəti İçərişəhərin məşhur tarixi-memarlıq abidələrinin 360°-li "3D" virtual modellərinin hazırlanması istiqamətində əməkdaşlıq edir. Ötən il sentyabrın 11-də tərəflər arasında qarşılıqlı əməkdaşlıq Memorandumu imzalanıb.

Mirmehdi Ağaoğlu

Digər xəbərlər