İsmayıllının Sulut kəndində tarixi bulaq təmir edilib - FOTO

Sulut kəndi

© APA | Sulut kəndi

# 23 iyun 2022 15:50 (UTC +04:00)

İsmayıllı rayonunun Sulut kəndində yerləşən qədim tarixi abidələrdən biri, Qasım bulağı bərpa edilərək istifadəyə verilib.

APA-nın yerli bürosu xəbər verir ki, uzun illərdir bərbad və baxımsız halda olan abidə kənd sakini Fuad Piriyevin öz təşəbbüsü və şəxsi vəsaiti hesabına bərpa olunub.

İsmayıllı rayonunun Sulut kəndində aşkar edilmiş XIX əsrə aid Qasım bulağı abidə kimi Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən qeydiyyata alınıb.

Tarixi abidə “Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu” MMC tərəfindən hazırlanan layihə əsasında bərpa olunub.

Açılış mərasimində Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin müdiri Tərxan Tahirli, qurumun nümayəndələri, abidə mühafizəçiləri, kənd sakinləri iştirak edib, Fuad Piriyevin xeyriyyə məqsədilə bu qədim abidəni öz vəsaiti hesabına bərpa etməsi faktını təqdirəlayiq hesab ediblər.

Fuad Piriyev yerli sakinlərin köməyi ilə 300 ildən çox yaşı olan, qəzalı və istifadəsiz qalan Sulut kənd məscidinin bərpası üçün hazırda sənədləşmə işlərinin görüldüyünü bildirib.

Məlumat üçün bildirək ki, İsmayıllı şəhərindən 45 kilometr aralıda, Böyük Qafqaz dağlarının ətəyində yerləşən və qədim tarixi abidələrlə zəngin olan Sulut kəndində IX-XVIII əsrlərə aid Qırx otaq qəsri, Fitdağ qalası, Xirəki qala divarları, Xan qalası, Buzxana abidəsi, Haram qalası, Qasım bulağı, Türbə mövcuddur.

Sulut kəndinin ərazisindəki tarixi mədəni abidələr qədim Fit şəhərinin qalıqlarıdır və bu şəhər Şirvanşahlar dövlətinin və Şirvan xanlığının yay iqamətgahı olub. Dövlət qeydiyyatına alınan bu abidələrin heç birində indiyədək təmir-bərpa işləri görülməyib. Yerli sakinlər qədim Basqal qəsəbəsinə qonşu olan Sulut kəndinin mədəni və iqtisadi inkişafı üçün adı çəkilən və hazırda bərbad halda olan bu tarixi abidələrin tezliklə bərpa edilməsini və onların turizm marşrutuna salınmasını istəyirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR