Moskvada Azərbaycana həsr olunan kitab sərgisi açılıb - FOTO

Moskvada Azərbaycana həsr olunan kitab sərgisi açılıb - FOTO
# 30 may 2023 01:52 (UTC +04:00)

Moskvanın Etnoqrafiya Kitabxanasında Azərbaycan mədəniyyəti, tarixi, coğrafiyası, eləcə də Azərbaycanın görkəmli siyasi və ictimai xadimlərinə həsr olunmuş kitab sərgisi açılıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, sərgi Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (AMOR) təşkilatçılığı ilə keçirilib.

Sərginin açılış mərasimində çıxış edən AMOR sədri Ceyhun Hüseynov qeyd edib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın yaratdığı gənclər birliyi Azərbaycan mədəniyyətinin respublikadan kənarda yayılması və tanıdılması məqsədinə xidmət edir:

"Azərbaycan guşəsinin açılması məqsədilə ölkəmizin siyasəti, iqtisadiyyatı, mədəniyyəti, ədəbiyyatı və təbiəti haqqında kitabları Etnoqrafiya Kitabxanasına hədiyyə etdik. Kitabxanaya bağışlanan kitablar arasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş nəşrlər xüsusi yer tutur”, - deyə C. Hüseynov bildirib.

Şərq inzibati dairəsi mədəniyyət mərkəzləri birliyinin baş direktoru Aleksandr Moskalyov AMOR ilə çoxdan bəri davam edən əməkdaşlıqdan söz açıb:

“Bu, bizim ilk birgə tədbirimiz deyil. Bu gün dostlarımız Etnoqrafiya Kitabxanasına Azərbaycan haqqında kitabları hədiyyə edirlər. Bu çox əhəmiyyətli bir kitab seçimidir. Azərbaycanın mədəniyyəti zəngin, qədim və çoxşaxəlidir və oxucularımız üçün onunla tanış olmaq maraqlı olacaq”.

Qeyd edək ki, sərgi iyunun 5-nə qədər davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR