Parisdə UNESCO üzrə Azərbaycan Milli Komissiyasının 25 illiyi qeyd olunub

Parisdə UNESCO üzrə Azərbaycan Milli Komissiyasının 25 illiyi qeyd olunub
# 20 noyabr 2019 10:15 (UTC +04:00)

Parisdə UNESCO-nun baş qərargahında qurumun Baş Konfransının 40-cı sessiyası çərçivəsində UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılmasının 25 illiyi təntənə ilə qeyd edilib.

Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, tədbirdə UNESCO-nun rəhbər nümayəndələri, bir sıra ölkələrin Mədəniyyət nazirləri, daimi nümayəndəliklərin rəhbərləri və əməkdaşları iştirak ediblər.

UNESCO yanında Azərbaycanın daimi nümayəndəliyinin rəhbəri, səfir Anar Kərimov Azərbaycanla UNESCO arasında əlaqələrə toxunub. Ölkəmizin qurumun prinsip və dəyərlərinə həmişə sadiq olduğunu vurğulayıb və bunun UNESCO ilə səmərəli əməkdaşlıq münasibətlərimizlə təsdiqləndiyini bildirib. Ölkəmizin UNESCO-nun proqramlarına dəstək verdiyini, bir çox layihələr həyata keçirdiyini vurğulayıb.

UNESCO baş direktorunun Afrika departamenti üzrə müavini Firmin Eduard Matoko Baş direktor adından Milli Komissiyanın 25 illiyini təbrik edib. Onun milli səviyyədə deyil, eyni zamanda regional və beynəlxalq səviyyələrdə çox saylı layihələr həyata keçirməklə UNESCO-nun missiyasını dəstəklədiyini diqqətə çatdırıb. UNESCO-nun gündəliyində əsas tədbirlərdən olan və Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna toxunaraq, ölkəmizin mədəniyyətlərarası dialoqun təşviqindəki əvəzsiz rolundan danışıb. Daimi nümayəndəliyimizə və Milli Komissiyaya ölkəmizin zəngin mədəni irsini, müxtəlif mədəniyyət ənənələrini UNESCO baş qərargahında keçirdikləri tədbirlər vasitəsi tanıtdıqlarını alqışlayıb.

Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının baş katibi Elnur Sultanov Milli Komissiyanın yaranması tarixindən danışıb. Bildirib ki, ümummilli lider Heydər Əliyevin müvafiq Sərəncamı ilə 1994-cü ildə yaradılan Milli Komissiya həmin il Xarici İşlər Nazirliyi yanında fəaliyyətə başlayıb. Prezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq, 2005-ci ildən Milli Komissiya Azərbaycan Respublikasının Prezidenti yanında statusu ilə fəaliyyətini davam etdirir. O, Milli Komissiyanın 25 illik fəaliyyəti haqqında ətraflı məlumat verib.

Tədbirdə qeyd olunub ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva təşəbbüsü və dəstəyi ilə ölkəmizlə UNESCO arasındakı əlaqələrin inkişafına böyük töhfələr verib.

Mədəniyyət naziri Əbülfəs Qarayev tədbirə qoşulan həmkarlarını və digər iştirakçıları salamlayaraq, tədbirin önəmini qeyd edib. O, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə səfir Anar Kərimova 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenini təqdim edib.

“Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)” yubiley medalı UNESCO-nun baş direktorunun xüsusi müşaviri, Ümumdünya İrs Komitəsinin keçmiş rəhbəri Munir Buşenakiyə təqdim olunub.

Munir Buşenaki bu yüksək mükafatla təltif edildiyinə görə şərəf duyduğunu deyib və Azərbaycan hökumətinə təşəkkürünü bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR