Qobustan qoruğunun Portuqaliyada sərgisi təşkil olunub

Qobustan qoruğunun Portuqaliyada sərgisi təşkil olunub
# 10 oktyabr 2019 12:16 (UTC +04:00)

Oktyabrın 9-da Portuqaliyanın Foz Koa qoruğunun muzeyində Qobustan qayaüstü rəsmlərinə həsr olunmuş sərgisi açılıb.

APA-nın məlumatına görə, Avropa Qayaüstü İncəsənət Günü ilə əlaqədar təşkil olunmuş “Avropanı qayaüstü incəsənətlə gəzək” (Crossing Europe with Rock Art) adlı sərgi Qobustan Milli Tarix-Bədii qoruğu ilə Foz Koa qoruğu arasında əməkdaşlığın növbəti mərhələsidir.

Açılış mərasimində Portuqaliyanın qayaüstü incəsənət mütəxəssisləri, arxeoloji qoruq və muzeylərin nümayəndələri ilə yanaşı Foz Koa şəhərinin meri Gustavo Duarte də iştirak edib. Şəhər meri çıxışında iki qoruq arasında əməkdaşlığın həmçinin, iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə töhfə verdiyini və bu sərginin Foz Koada əlamətdar hadisəyə çevrildiyini bildirib.

Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev qayaüstü incəsənət aləmi üçün belə əlamətdar bir gündə Qobustan sərgisinin açılışının təşkil olunmasının iki qoruq arasında əməkdaşlığın göstəricisi olduğunu vurğulayıb. Qeyd edib ki, "Avropanı qayaüstü incəsənətlə gəzək” (Crossing Europe with Rock Art) adlı Qobustan sərgisinin nümayişi ilin sonunadək davam edəcək.

Tədbir iştirakçıları sonra sərgi ilə tanış olublar.

Qeyd edək ki, Foz Koa Qoruğu UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR