ADA Universiteti ilə Medianın İnkişafı Agentliyinin birgə keçirdiyi seminarların ilk mərhələsi tamamlanıb

ADA Universiteti ilə Medianın İnkişafı Agentliyinin birgə keçirdiyi seminarların ilk mərhələsi tamamlanıb
# 28 yanvar 2021 18:00 (UTC +04:00)

Prezident İlham Əliyevin Fərmanı ilə yaradılan Medianın İnkişafı Agentliyi (MEDİA) ilə ADA Universitetinin birgə təşkil etidiyi “Media və kommunikasiya siyasəti medianın gözü ilə” mövzusundakı seminarların ilk mərhələsi başa çatıb.

ADA Universitetindən APA-ya verilən məlumata görə, 25-26 yanvar tarixlərində keçirilən seminarlarda dövlət sektorunda fəaliyyət göstərən qurumların mətbuat xidmətləri rəhbərləri, ictimaiyyətlə əlaqələr və mətbuatla iş üzrə məsul əməkdaşları iştirak ediblər.

Seminar çərçivəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev, ADA Universitetinin media üzrə müəllimi Şəfəq Mehrəliyeva, "BP Azerbaijan" şirkətinin modernləşdirmə və transformasiya üzrə rəhbəri Rəşad Bayramov, Media İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, ADA Universitetinin Siyasi Tədqiqat və Nəşrlər üzrə direktoru Damyan Krnceviç Mişkoviç, "ASAN Radio"nun direktoru Emin Musavi, "REAL Təhlil İnformasiya Mərkəzi"nin direktoru Mir Şahin Ağayev, "APA Group"un direktoru Vüsalə Mahirqızı ilə panel müzakirələr təşkil edilib.

İştirakçılar “İctimai əlaqələr şöbəsinin təşkilatdakı məqsədi və rolu”, “Media gündəminin qurulması. Xarici mediaya çıxış”, “Ənənəvi və sosial media” kimi mövzularda fikir mübadiləsinə qoşulub, media əlaqələri və kommunikasiya strategiyalarının qurulması ilə bağlı fərqli yanaşmaları analiz ediblər.

ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev seminarları tamamlayan iştirakçıları təbrik edərək, onlara sertifikatlarını təqdim edib.

Seminarların növbəti mərhələsi fevralın 2-3-də keçiriləcək. MEDİA və ADA Universiteti növbəti aylarda da mütəmadi olaraq bu formatda birgə seminarların keçirilməsini planlaşdırır.

Qeyd edək ki, ADA Universiteti "Al Jazeera Media Institute" ilə əməkdaşlıq istiqamətində danışıqlara başlayıb. Universitet bu qurumla media və kommunikasiya sahəsi üzrə xarici mütəxəssisləri cəlb etməklə birgə təlimlər təşkil edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR