Dekan: “Medianın İnkişafı Agentliyinin yaradılması islahatların başlanğıcı sayıla bilər”

Dekan: “Medianın İnkişafı Agentliyinin yaradılması islahatların başlanğıcı sayıla bilər”
  • Clock-gray 16:12
  • calendar-gray 25 Fevral 2021

“Medianın İnkişafı Agentliyinin yaradılması son dərəcə əhəmiyyətli bir addım oldu. Ümumiyyətlə KİVDF-nin ləğvi və Medianın İnkişafı Agentliyinin yaradılması media sahəsində islahatların başlanğıcı hesab edilə bilər”.

Bunu APA-ya açıqlamasında Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, media eksperti Vüqar Zifəroğlu deyib.

O bildirib ki, Agentlik öz fəaliyyəti ilə mediamızın tərəqqisində əhəmiyyətli rol oynayacaq, onun maddi-texniki bazasının yaxşılaşdırılmasına çox böyük dəstək verəcək: “Ümumiyyətlə, bu dəstək mediada müasir texnologiyaların və innovasiyaların tətbiqini stimullaşdırmaqla yanaşı, XXI əsrin çağırışlarına cavab verən peşəkar medianın formalaşmasına gətirib çıxaracaq, bir sözlə, mediamızın nüfuzunu daha da artacaq. Bu, müasir, peşəkar, qərəzsiz medianın formalaşması zərurətindən irəli gələn addımdır.

Medianın İnkişafı Agentliyinin yaradılması medianın inkişafı ilə bağlı strategiyanın hazırlanması, media ilə bağlı proseslərə çevik reaksiya verilməsi baxımından önəmlidir. Bu mənada “Media haqqında” yeni qanun layihəsinin hazırlanması prosesində vahid jurnalist vəsiqələri ilə bağlı müzakirələrin aparıla biləcəyi ilə bağlı Agentliyin direktoru Əhməd İsmayılovun səsləndirdiyi fikir də son dərəcə maraqlıdır. Bu, çox effektiv və müsbət tərəfləri olan təcrübədir. Bu gün bir sıra qərb ölkəsində, o cümlədən qardaş Türkiyədə də bu təcrübədən istifadə edilməkdədir. Bir çox ölkədə jurnalistlərə müəyyən imtiyazlar verən sarı kart sistemi var. Yəni jurnalistlər bu kartdan bəhrələnməklə müxtəlif sahələrdə güzəştlər əldə edirlər. Hətta bu kartlar şəxsiyyət vəsiqəsini də əvəz edəcək statusa malik olur. Bəzi ölkələrdə vahid kart sisteminin özü də bir neçə kateqoriyaya bölünür. Məsələn, Türkiyədə “Sarı”, “Sürekli Basın Kartı” və “Basın Şeref Kartı” var. Bunlar da Basın Kartları Komissiyası tərəfindən verilir”.

V. Zifəroğlunun sözlərinə görə, ümumiyyətlə, vahid press-kartların müzakirəsi zamanı iki vacib məqama diqqət etmək lazımdır: “Onlardan birincisi, həmin press-kartların beynəlxalq müstəvidə tanınması məsələsidir. Bu standartlarla jurnalist akkreditasiyası olduğu təqdirdə həmkarlarımız, xarici ölkələrdə də həmin press kartla rahat şəkildə fəaliyyət göstərə bilər. Bu zaman onun hüquqları və peşə fəaliyyətindən irəli gələrək atacağı addımlar fəaliyyət göstərdiyi ölkə tərəfindən qorunur. Bu, çox vacib məsələdir. Təbii ki, bu məsələnin beynəlxalq tərəfidir.

İkinci məqam isə, bu gün ölkə mediasında olan mənzərə ilə bağlıdır. Açıq etiraf edək ki, bu gün Azərbaycan media məkanında, əsasən də internet üzərindən fəaliyyət göstərən informasiya portallarında çalışanların heç də hamısı peşəkar deyil. Və ya bu informasiya portalları bəzən heç də jurnalistikanın ali prinsiplərinə uyğun şəkildə fəaliyyət göstərmək üçün yaradılmırlar. Əfsuslar ki, bu gün media məkanımızda “informasiya çirkliliyi”, “reket jurnalistika” problemləri var. Bu gün mediamızda jurnalistikanın peşə normalarına, prinsiplərinə uyğun gəlməyən, amma özünü jurnalist kimi təqdim edən kifayət qədər şəxs də mövcuddur. Bu sistemin tətbiq edilməsi bizə eyni zamanda bu kimi problemlərin də aradan qaldırılmasında çox ciddi təkan verəcək. Vahid jurnalist vəsiqələrinin verilməsi bizə peşəkarlıq meyarlarına cavab verən jurnalistlərimizi də fərqləndirmək imkanı verəcək. Təbii ki, belə bir qərar olarsa, vahid press kartların verilməsi həm də müəyyən proseduralarla müşayiət olunacaq. Hesab edirəm ki, jurnalistikanın norma və prinsiplərinə uyğun şəkildə davranış nümayiş etdirən peşəkar media quruluşlarının əməkdaşlarına vahid press kartlar veriləcək. Bu səbəbdən ideya çox gözəldir və tətbiq olunması yerinə düşərdi”.

Dekan diqqətə çatdırıb ki, bu gün dünya jurnalistikasında sərbəst jurnalistika, o cümlədən bloger fəaliyyətləri çox geniş tətbiq edilir: “Bloger fəaliyyəti bu gün müasir medianın ayrılmaz tərkib hissəsinə çevrilib. Xarici praktikaya nəzər yetirsək, görərik ki, bəzi blogerlərin izləyicilərinin sayı hansısa professional bir media orqanının auditoriyası ilə eyninidr. Bu mənada həmin blogerlərin fəaliyyətinə qiymət verilərək onlara da bu press kartlar veriləcək və verilməlidir də. Çünki bu gün müasir media yalnız ənənəvi KİV-dən ibarət olan bir sistem deyil. Biz bu gün müasir media formatlarından danışırıq. Bu mənada bu məsələdə bunlar nəzərə alınmalıdır. O baxımdan vahid press-kartların verilməsi meyarlarının dəqiq müəyyənləşdirilməsi olduqca önəmlidir”.

Firuzə Vahid

Digər xəbərlər