Nuşirəvan Məhərrəmli: “Rusiya telekanallarının Azərbaycanda yayımı ilə bağlı danışıqlar aparılması üçün qərarı hökumətlər verməlidir”

Nuşirəvan Məhərrəmli: “Rusiya telekanallarının Azərbaycanda yayımı ilə bağlı danışıqlar aparılması üçün qərarı hökumətlər verməlidir”
# 17 may 2007 13:31 (UTC +04:00)
“Rusiya telekanallarının Azərbaycanda yayımı ilə bağlı danışıqlar aparılması üçün qərarı hökumətlər verməlidir. Hələ ki, bu qərarın olması haqda məlumatım yoxdur”. Bu fikirləri APA-ya açıqlamasında Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirib. Onun sözlərinə görə, texniki inkişaf o qədər sürətlə davam edir ki, hətta Azərbaycanla Rusiya arasında kanalların yayımı ilə bağlı anlaşma əldə olunsa belə, təxminən 2 ildən sonra onun əhəmiyyəti öz-özünə itəcək: “Çünki insanların həm kabel televiziyası, həm İnternet televiziyası, həm də peyk antenaları vasitəsi ilə xarici telekanallara baxmaq imkanı artır. Ona görə dünyada qəbul edilən vahid bir standartı həm Rusiyada, həm də Azərbaycanda tətbiq etmək lazımdır. Bu səbəbdən mən hesab edirəm ki, qarşılıqlı olaraq məsələni həll etməyə elə bir ehtiyac yoxdur. Mən bu fikirləri Azərbaycanda yayımlanan Türkiyə telekanalları barədə də deyirəm. Türkiyə də müəyyən vəsait ödəyib kanallarının yayımını burda həyata keçirməlidir. Az sonra rəqəmsal yayım sisteminə keçdikcə, insanlar onlarla Türkiyə və Rusiya kanalına baxacaqlar“.
N. Məhərrəmlinin sözlərinə görə, əgər Rusiya tərəfi kanallarının Azərbaycanda yayımına çox böyük önəm verirsə, o zaman məsələ şərtlər daxilində həll olunmalıdır: “Azərbaycan Televiziyasının Moskvada yayımlanmasını, bunun xərclərini Rusiyanın, həmin ölkənin kanalının ölkəmizdə yayımının isə Azərbaycan tərəfinin öz öhdəsinə götürməsi şərti ilə buna gedə bilərik. Danışıqlar aparılacaqsa, bu, Rusiya tərəfinə bildiriləcək”. N.Məhərrəmli danışıqlar başlamadığı üçün Rusiyanın şərtlərindən xəbərsiz olduğunu deyib.
Xatırladaq ki, MTRŞ-nin qərarına əsasən dövlətlər arasında imzalanan müqavilənin müddəti başa çatdığı üçün Rusiyanın ORT və RTR, Türkiyənin “Samanyolu” telekanallarının Azərbaycanda yayımı iyulun 10-dan dayandırılacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR