Türkiyə jurnalisti İrfan Sapmaz “Kanal 6” televiziyasının baş direktoru kimi işə başlayıb

Türkiyə jurnalisti İrfan Sapmaz “Kanal 6” televiziyasının baş direktoru kimi işə başlayıb
# 05 iyun 2007 15:33 (UTC +04:00)
Vaxtilə Azərbaycanda çalışan türkiyəli jurnalist İrfan Sapmaz “TGRT Haber” telekanalının xəbər koordinatoru vəzifəsindən ayrılaraq yenidən fəaliyyətə başlayacaq “Kanal 6” televiziyasının baş direktoru olub. O, APA-nın Türkiyə bürosuna açıqlamasında bildirib ki, bir telekanala rəhbərlik etmək uzun müddət Azərbaycanda olduğu vaxtlarda da ürəyindən keçən arzu olub: “Avrasiya coğrafiyasını - Qafqaz, Orta Asiya, Orta Şərq, Avropanı əhatə edəcək və Amerikaya qədər gedib-çıxacaq bir televiziya kanalı yayıma başlayacaq. Bu sahədə böyük boşluq var. Əvvəlcə türkcə, sonra isə rusca və ingiliscə yayımlarımız olacaq”. İ. Sapmaz müxtəlif ölkələrin, o cümlədən Azərbaycanın TV kanalları əməkdaşlıq edəcəklərini, ancaq hələlik Azərbaycandakı tərəfdaşlarını müəyyənləşdirmədiklərini söyləyib: “Bununla bağlı müzakirələr aparacağıq. Ümumi xətləri ilə BBC tərzində bir xəbər kanalı qururuq”. İ. Sapmaz ən müasir texnologiyalar aldıqlarını və 2-3 aya yayıma başlayacaqlarını deyib: “Bizim üçün Azərbaycan son dərəcə önəmlidir. Mən 11 il orada yaşamışam. Azərbaycanın Qarabağ kimi ciddi bir problemi var. Bu problemi bütün dünyaya çatdırmağa çalışacağam. Buna görə də Azərbaycan layihəsinə önəm verir, orada təşkilatlanmaq istəyirik. Azərbaycanın səsini dünyaya çatdıracaq bir kanal olmağımızı arzu edirəm”.
Qeyd edək ki, “Kanal 6” Türkiyənin ilk özəl telekanallarından biridir. Ancaq son illər onun fəaliyyətində ciddi problemlər yaranıb və sonda telekanalın yayımı dayanıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR