Beynəlxalq Media Forumunun iştirakçıları Heydər Əliyev Mərkəzində olub

Beynəlxalq Media Forumunun iştirakçıları Heydər Əliyev Mərkəzində olub
# 21 iyul 2022 15:34 (UTC +04:00)

22 iyul tarixində Medianın İnkişafı Agentliyi tərəfindən Şuşa şəhərində təşkil olunacaq Beynəlxalq Media Forumda iştirak məqsədilə ölkəmizdə səfərdə olan nümayəndə heyəti Heydər Əliyev Mərkəzində olub.

APA xəbər verir ki, 20-dək ölkədən olan xarici media nümayəndələri və ekspertlərdən ibarət heyətə dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzi haqda məlumat verilib.

Bildirilib ki, Mərkəz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev irsinin tədqiqi və təbliği, Azərbaycanın tarixi və mədəniyyətinin, milli-mənəvi sərvətlərinin beynəlxalq aləmdə tanıdılması, eləcə də dünya mədəniyyəti nümunələrinin ölkəmizdə tanıdılması istiqamətində fəaliyyət göstərir.

Mərkəzdə həmçinin Heydər Əliyev Muzeyinin yaradıldığı vurğulanıb. 2013-cü ildən fəaliyyət göstərən Muzeydə Ümummilli Lider Heydər Əliyevin həyat yolu haqqında maraqlı faktlar foto və videomateriallar vasitəsilə qonaqlara təqdim edilib. Məlumat verilib ki, Mərkəzdə Ümummilli Liderin xatirəsinin əbədiləşdirildiyi Heydər Əliyev Muzeyi təşkil olunarkən burada onun həyat və fəaliyyətinin müxtəlif dövrlərinin əks olunmasına xüsusi diqqət yetirilib. Bu gün muzey həm də Heydər Əliyev irsinin öyrənilməsi baxımından əhəmiyyət kəsb edir.

“Mini Azərbaycan” sərgisi ilə tanışlıq zamanı isə diqqətə çatdırılıb ki, bu ekspozisiyada Bakıda və Azərbaycan regionlarındakı tarixi memarlıq abidələri və bir sıra müasir binaların maketləri nümayiş etdirilir.

Sonra qonaqlar MEDİA-nın tədbir çərçivəsində təşkil etdiyi "Azərbaycan çap mətbuatı tarixinin inciləri" adlı sərgi ilə tanış olublar. Sərgidə 1920-ci ilədək nəşr edilən və ölkənin ictimai-siyasi həyatında, milli və ümumbәşәri dəyərlərin təbliğində müstəsna rol oynayan mətbu nəşrlər haqqında məlumatlar, həmçinin müasir dövrdə ölkə ictimaiyyətinin maarifləndirilməsində xüsusi əhəmiyyətə sahib olan çap mətbuatı nümunələri nümayiş olunub. Bildirilib ki, sərginin keçirilməsində əsas məqsəd Beynəlxalq Media Forumun iştirakçılarının zəngin inkişaf yolu keçmiş tarixi və müasir mətbu nəşrlər, onların yaranma tarixi və əsasını qoyan şəxslər, o cümlədən ideoloji istiqamətləri haqqında məlumat almaq, həmçinin bu mətbu nəşrlərin ictimai-siyasi və mədəni həyata, milli-mənəvi oyanışa təsiri, xalqın maariflənməsi və dövrün yeniliklərinin oxuculara çatdırılması istiqamətindəki fəaliyyəti barədə məlumatlandırılmasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR