“Nəsimi ili” mövzusunda jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Nəsimi ili” mövzusunda jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb
# 12 iyul 2019 12:13 (UTC +04:00)

İyulun 12-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Nəsimi ili: klassik ədəbi irsə müasir baxış, milli və bəşəri ideyaların təbliği” mövzusunda jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

APA-nın məlumatına görə, müsabiqə Mədəniyyət Nazirliyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi informasiya vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə təşkil edilib.

Tədbirdə Mədəniyyət naziri Əbülfəs Qarayev, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, millət vəkili Hikmət Babaoğlu və digər qonaqlar iştirak ediblər.

Qeyd edilib ki, müsabiqə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin "Nəsimi ili" ilə bağlı 11 yanvar 2019-cu il Sərəncamından irəli gələrək jurnalistləri stimullaşdırmaq məqsədi ilə həyata keçirilib.

Tədbir bədii hissə ilə başlayıb, İmaməddin Nəsiminin qəzəlləri səsləndirilib, muğam ifaçılarının ifasında musiqi nömrələri dinlənilib.

Sonra Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək bildirib ki, Mədəniyyət Nazirliyinin hər il mətbuat günü ərəfəsində müsabiqə keçirməsi ənənəvi hal alıb: "Lakin builki təqdimat keçən illərdəkindən fərqlənir, çünki böyük Azərbaycan şairi İmaməddin Nəsimiyə həsr olunub. Onu da diqqətinizə çatdırım ki, "Nəsimi ili" ilə bağlı keçirilən tədbirlər bununla yekunlaşmayacaq".

Nazir qeyd edib ki, "Nəsimi ili"nin bu il keçirilməsinin xüsusi əhəmiyyəti var: "İki gün sonra biz Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyini qeyd edəcəyik. O vaxt Heydər Əliyev hakimiyyətə gəlməsəydi, bu gün nə Nəsiminin yubileyini qeyd edərdik, nə də başqa dahilərimizi dünyaya tanıdardıq. Çünki məlumdur ki, Azərbaycan xalqının keçdiyi yola bəşəriyyətin verdiyi qiymət heç də hər zaman istədiyimiz kimi olmayıb. Ona görə də Azərbaycan xalqının öz əcdadlarına qayıdışı dünyaya sübut edir ki, biz böyük mədəniyyətə malik xalqıq".

Ə. Qarayev bildirib ki, Heydər Əliyevin ilk addımlarından biri Nəsiminin adının UNESCO-da tanıtdılması olub: "İndi isə UNESCO-nun tədbirləri Azərbaycanda keçirilir. Bu da Azərbaycanın 50 ildə keçdiyi yoldur".

Vüqar Səfərli isə qeyd edib ki, Nəsiminin 650 illiyinin keçirilməsi ilə bağlı tədbirlər planında biri də onunla bağlı müsabiqənin təşkili olub: "Biz daha bir neçə tədbir keçirməyi planlaşdırırıq. Bizim hər il Mədəniyyət Nazirliyi ilə birgə təşkil etdiyimiz müsabiqə olur. Budəfəki müsabiqəyə 23 kütləvi informasiya vasitəsindən 36 yazı təqdim edilib. Müsabiqənin nəticələrinə əsasən 16 jurnalist mükafatlandıracaq".

Daha sonra qaliblər mükafatlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR