Firdovsi Umudov: "Birgə əməyin sayəsində bu uğura nail olduq"

Firdovsi Umudov: "Birgə əməyin sayəsində bu uğura nail olduq"
  • Clock-gray 13:10
  • calendar-gray 29 İyun 2019

"II Avropa Oyunlarında bütün çəki dərəcələrində təmsil olunurduq. Sevindirici haldır ki, bütün altı çəkidə medal qazanmaq şansı əldə etdik və bunlardan beşində idmançılarımız kürsüyə çıxdı". 

Bunu Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov Minsk-2019 II Avropa Oyunlarında sərbəst güləş üzrə yığmanın çıxışını APA-nın Belarus paytaxtına ezam olunmuş əməkdaşı üçün dəyərləndirərkən deyib. 

O bildirib ki, komandamızın qazandığı iki qızıl, bir gümüş və iki bürünc medalı uğurlu nəticə hesab etmək olar: "Mahir Əmiraslanovun yarımfinalda dünya çempionuna qalib gəlməsi, Hacı Əliyevin finaladək iki erməni idmançısı üzərində qələbəsi və daha sonra əvvəllər uduzduğu Vladimir Xinçeqaşvilini məğlub etməsi bizi sevindirir. Yeri gəlmişkən, bu uğurların qazanılması təsadüfi deyil. Çünki dövlətin diqqət və qayğısını hər an hiss edirik. Hər zaman bizə dəstək göstərən cənab prezidentimiz İlham Əliyevə təşəkkürümü bildirirəm. O, bizdə əlavə motivasiya yaradır. Həmçinin, məşqçilər korpusuna minnətdaram. Birgə əməyin sayəsində bu uğura nail olduq. Azərbaycan Güləş Federasiyasının rəhbəri Namiq Əliyevin nəticələrin əldə olunmasında zəhməti böyükdür. O, güləşçilərimiz üçün hər bir şəraiti yaradıb. Bu şəraitin qarşılığında nəticə əldə olunmaması mümkün deyil".

Sərbəst güləşçilərin uğurunda pay sahibi olan F. Umudovun sözlərinə görə, növbəti hədəfləri sentyabrda Qazaxıstanda keçiriləcək dünya çempionatıdır: "Əsas məqsədimiz uğur qazanmaq, bayrağımızı yüksəyə qaldırmaq, himnimizi səsləndirməkdir. Biz bu dövlətin müsəlləh əsgərləriyik. Hər zaman öz üzərimizə düşən işi yerinə yetirməyə can-başla hazırıq".

Qeyd edək ki, sərbəst güləşçilərimizdən Mahir Əmiraslanov (57 kq) və Hacı Əliyev (65 kq) qızıl, Nurməhəmməd Hacıyev (97 kq) gümüş, Hacımurad Hacıyev (74 kq) və Camaləddin Məhəmmədov (125 kq) bürünc medal əldə edib. Yığmamız isə komanda hesabında ikinci olub. 

Tahir Hümmətov

Digər xəbərlər

Arxiv

date