Tayfur Əliyev: "1/8 finaldakı rəqibimdən revanş almağa çalışacağam"

Tayfur Əliyev: "1/8 finaldakı rəqibimdən revanş almağa çalışacağam"
  • Clock-gray 18:45
  • calendar-gray 21 İyun 2019

"Minskdə bu gün start götürən Avropa Oyunlarına komanda olaraq çox yaxşı hazırlaşmışıq. Yarışda daha yaxşı döyüşmək üçün bir neçə turnirdə gücümüzü yoxlamışıq ".

Bunu APA-nın Minskə ezam olunmuş əməkdaşına açıqlamasında Azərbaycan millisinin boksçusu Tayfur Əliyev deyib. 

56 kq çəki dərəcəsində mübarizə aparan Bakı-2015-in bürünc medalçısı II Avropa Oyunlarına da qələbə ilə başlayıb. 22 yaşlı boksçu bolqarıstanlı Boyan Asenovla döyüşün gərgin keçdiyini deyib: "Qarşılaşmaya çox məsuliyyətli hazırlaşmışdım. Rəqibimin görüşlərinə baxmışdım. Zəif və güclü tərəflərini analiz etmişdim. Əldə etdiyim məlumatlardan rinqdə istifadə etdim və istəyimə nail oldum".

Boksçumuz rəqibin zəif cəhətini tapdığını və məharətlə istifadə etdiyini də deyib: "Onu çoxdan tanıyırdım. Rəqibimin görüşlərinə baxdım və səhvlərini gördüm. O, tez yorulurdu. Bu zaman isə baxmadan, zərbə endirir. Həmin an mənə hücum etmək lazım idi və bunu etdim. Onun boşluğunu görürdüm. Mənim sağ qolum bir az zədəlidir. Çox işlətməməyə çalışırdım. Amma yenə də zərbələr endirməyə çalışdım və qalib gələ bildim". 

22 yaşlı idmançı 1/8 finalda qarşılaşacağı ukraynalı Mukola Butsenkonu da tanıdığını deyib: "O, yaşda məndən 7-8 yaş böyükdür. Ukrayna komandasının da kapitanıdır. Demək olar ki, ən güclü boksçularından hesab olunur. Bu isə məni qorxutmur. Onunla iki il bundan öncə döyüşmüşəm. Yaxşı döyüş keçirmişəm. Kiçik səhvlər nəticəsində məğlub olmuşam. Onunla görüşdə yorulmamışdım. Hətta qələbə qazandığımı hesab edirdim. Mənə qarşı ədalətsizlik oldu. Döyüşü rəqibə verdilər. İki il bundan öncə də demişdim ki, rəqib nə vaxtsa, qarşıma çıxacaq. Ondan revanş almağa çalışacağam. İndi isə üz-üzə gəlirik. Birinci döyüşdə buraxdığım səhvləri etməyəcəyəm. Psixoloji və texniki olaraq daha məsuliyyətli hazırlaşmağa çalışacağam. Rəqibin qarşısına güclü çıxmaq istəyirəm".

Əliyev bütün ölkələrin ən güclü boksçuları Avropa Oyunlarına gətirdiyini vurğulayıb: "Avropa Oyunlarının qalibi həm də Avropa çempionu olacaq. Bütün rəqiblər güclüdür. Hamısı qələbə qazanmaq istəyir. Məsuliyyəti dərk edirəm. Mən də hamı kimi qələbə qazanmaq niyyətindəyəm". 

Bakıdakı I Avropa Oyunlarında bürünc medal qazanan idmançı həmin uğurun onun üçün əlavə motivasiya olduğunu söyləyib: "İlk Avropa Oyunlarında 18 yaşım var idi. Çox cavan və təcrübəsiz idim. Uduzmağımın səbəbi bu idi. Həmin rusiyalı boksçu II Avropa Oyunlarına da qatılıb. Qələbələr qazansaq, yenə yarımfinalda qarşılaşacağıq. Məğlubiyyətin qisasını almaq istəyirəm".

Qeyd edək ki, T.Əliyev növbəti qarşılaşmasına iyunun 24-də çıxacaq. 

Tahir Hümmətov

Digər xəbərlər

Arxiv

date