İcma: Xalqımıza qarşı son 200 ildə ermənilər tərəfindən törədilmiş soyqırımıları faktlarla masa üzərinə qoyuruq

İcma: Xalqımıza qarşı son 200 ildə ermənilər tərəfindən törədilmiş soyqırımıları faktlarla masa üzərinə qoyuruq
# 31 mart 2023 13:26 (UTC +04:00)

1918-1920-ci illərdə ermənilər Azərbaycanın müxtəlif bölgələrində, eyni zamanda İrəvanda, Zəngəzurda yüzlərlə Xocalı kimi faciələr törədib.

APA xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərov deyib.

“Əlimizdə kifayət qədər faktlar var ki, ermənilər eyni vəhşiliklərlə onlarla, yüzlərlə kənddə əhalini qətlə yetirib, kəndləri demək olar, yer üzündən siliblər. Təəssüf ki, bunları Sovet dövründə yetərincə öyrənə bilməmişik. Bu gün Qərbi Azərbaycan İcması bütün bu məsələləri öz üzərinə götürüb və biz bütün faktları, sənədləri masa üzərinə qoyuruq.

“Biz adətən 1948-1953, 1987-1991-ci illərdəki etnik təmizləmələrdən, deportasiyalardan danışırıq, amma 1953-1987-ci illər arasında da Qərbi Azərbaycan ərazisində etnik təmizləmələr gedib, soydaşlarımızı tarixi torpaqlarından qovub çıxarıblar. Ermənilər 200 il ərzində yeritdikləri bu siyasəti sonuncu deportasiya zamanı başa çatdırıblar və 29.8 min kvadrat kilometrlik tarixi Azərbaycan torpaqları tamamilə soydaşlarımızdan təmizlənərək erməniləşdirilib” - deyə o qeyd edib.

Onun sözlərinə görə, ermənilər Azərbaycan ərazisinə köçürüldükdən sonra bunu gizlətmək üçün xalqımızın min illiklər boyu yaratdıqları mədəni irsini yer üzündən silməyə, saxtakarlaşdırmağa çalışıblar:

“Ulu Öndər Heydər Əliyev 1998-ci il 26 martda Azərbaycanlıların soyqırımı haqqında tarixi fərmanı imzalamaqla son 200 il ərzində xalqımıza qarşı törədilmiş soyqırımılara, etnik təmizləmələrə, deportasiyalara ilk dəfə tarixi-siyasi qiymət vermiş olub. 31 Mart əslində, rəmzi bir rəqəmdir. Çox təəssüf ki, ermənilər bu soyqırımı, eləcə də son 200 ildə xalqımızın başına gətirilən bütün faciələri unutdurublar. Biz təəssüf ki, bunu lazımınca öyrənə, öyrədə və dünyaya çatdıra bilməmişik. Xüsusuilə, Qərbi Azərbaycan ərazisində soydaşlarımıza qarşı törədilmiş cinayətlər barəsində nəsillər gənclərimiz kifayət qədər məlumat ala bilməyiblər”.

İcma sədri qeyd edib ki, Qafqazda xalqımıza qarşı baş verən bu faciələr Cənubi Qafqazın Çar Rusiyası tərəfindən işğalı, eyni zamanda İran və Osmanlıdan ermənilərin köçürülməsi ilə başlayır:

“Ermənilər bu bölgəyə gəlməkləri ilə bəla, separatçılıq, münaqişə gətiriblər. Bütün XIX əsr boyu köçürüldükləri ərazilərdə havadarlarına arxalanaraq soyadaşlarımıza qarşı etnik təmizləmə siyasəti yeridiblər. Özlərinin bu əraziyə gəlmə olduqlarını gizlətmək üçün həmin ərazilərdəki bütün Azərbaycan xalqının min illiklər boyu yaratdıqları mədəni irsi yer üzündən silməyə, saxtalaşdırmağa çalışıblar. Bu proses bütün XIX əsr boyu davam edib. Xüsususilə, 1890-cı ildə Tiflisdə “Daşnaksutyun” Partiyası yaradıldıqdan sonra ermənilər açıq silahlanmaya başlayıblar. Bunun da nəticəsində XX əsrin əvvəlində ilk açıq soyqırımı həyata keçiriblər. Bunun ardınca, Birinci Dünya müharibəsinin sonucu olaraq Çar Rusiyasının laxlaması, Çar Rusiyasının Oktyabr, Fevral inqilablarının nəticəsi olaraq bölgədə münbit şərait əldə edən kimi bütün coğrafiyada, Cənubi Qafqaz coğrafiyasında, hətta Cənubi Azərbaycanda belə azərbaycanlılara qarşı dəhşətli, analoqu olmayan soyqırımı həyata keçirməyə başlayıblar. Biz hamımız Xocalı hadisələri haqqında kifayət qədər məlumata malikik. Amma onu da bilməliyik ki, təkcə 1918-20-ci illərdə ermənilər Azərbaycanın müxtəlif bölgələrində - Azərbaycan Respublikası ərazisinin müxtəlif bölgələrində- Qubada, Şamaxıda, Neftçalada, hətta Kürdəmirdə, Göyçayda və başqa ərazilərdə, eyni zamanda Zəngəzurda, Qarabağda, İrəvanda, İrəvan ətrafı ərazilərdə yüzlərlə Xocalı kimi hadisələr törədiblər. Əlimizdə kifayət qədər faktlar var. Onlarla, yüzlərlə kəndlərdə, eyni metodlarla, eyni vəhşiliklə, eyni üsullarla, elə kəndləri olub ki, bütövlükdə əhalisini qətlə yetiriblər və kəndləri demək olar ki, yer üzündən siliblər.

Təəssüf ki, Sovet dönəmində biz bunları lazımi dərəcədə öyrənə bilməmişik. Bu gün Qərbi Azərbaycan icması bütün bu məsələləri öz üzərinə götürüb və biz bütün faktları, sənədləri masa üzərinə qoyuruq. Burada hörmətli çıxış edənlər qeyd elədi ki, sovet dönəmində bu proses gedib. Düzdür, biz 1948 -1953-cü illəri deyirik, biz sonuncu deportasiya olaraq 1987-1991-ci illəri deyirik. Amma bu ara dövrlərdə də 1920-1948-ci illər arası, 1953-1987-ci illər arası da etnik təmizləmə prosesi Qərbi Azərbaycan ərazisində gedib. İnsanlar sıxışdırılıb, kəndlər boşaldıb müxtəlif bəhanələrlə, müxtəlif üsullarla soydaşlarımızı tarixi torpaqlarından qovub çıxarıblar və ermənilərin 200 il ərzində yeritdiyi bu siyasət nəhayət, sonuncu deportasiyası zamanı başa çatdırıldı və 29,08 min kvadrat kilometrlik son qarışına qədər tarixi Azərbaycan torpaqları olan böyük bir ərazi ermənilər tərəfindən tamamilə erməniləşdirildi və bu ərazidən, bizim tarixi torpaqlarımızdan tamamilə soydaşlarımız çıxarıldı. Bəziləri Qərbi Azərbaycan ərazisinə əlahiddə bir region kimibaxır, amma əslində belə baxmaq lazım deyil. Qərbi Azərbaycan ərazisi Azərbaycanın müxtəlif tarixi torpaqlarından, müxtəlif bölgələrindən kəsilən ərazilər əsasında formalaşmış qondarma bir dövlətdir. Yəni tarix boyu ermənilərin dövləti olmayıb. Zəngəzur mahalı Qarabağ xanlığının ərazisi olub. Dərələyəz mahalı Naxçıvan xanlığının ərazisi olub. Şəmşəddil sultanlığının ərazisi, Qaraqoyunlu, Dilican dərələri Gəncə xanlığının, Qazax qəzasının əraziləri olub. Loru mahalı Dağ Borçalısı olub. Yəni bütün Azərbaycanın dörd tərəfindən torpaqlarımızı kəsib ermənilər üçün bir dövlət yaradıblar və bu gün Qərbi Azərbaycan məsələsi təkcə Qərbi azərbaycanlıların məsələsi deyil. Necə ki, Qarabağ məsələsi təkcə qarabağlıların məsələsi deyildi və bu məsələ bütövlükdə 60 milyonluq dünya azərbaycanlılarının məsələsidir. O torpaqlar Qubada yaşamasından, Göyçayda, Gəncədə, Qaxda, Lənkəranda yaşamasından asılı olmayaraq bütün Azərbaycan xalqının tarixi torpaqlarıdır və bizim hər birimizin bu torpaqlara tarixi, mənəvi haqqımız var.

Düzdür, 1987-1991-ci il hadisələrindən dərhal sonra xalqımıza böyük bir bəla üz verdi. Torpaqlarımız işğal olundu, bir milyona yaxın soydaşımız ata-baba torpaqlarından qovuldu və biz Qərbi azərbaycanlılar öz problemimizi bir növ arxa plana keçirmək məcburiyyətində qaldıq. Çünki bütün Azərbaycan xalqı üçün Qarabağ bir nömrəli məsələ idi. Qarabağ yoxdursa, deməli, bizim Qərbi Azərbaycan uğrunda mübarizəmizin də mənası yoxdur. Ona görə biz hamımız Qarabağ uğrunda mübarizəyə kökləndik və 44 günlük Vətən müharibəsindən sonra qazandığımız zəfər bizə öz tarixi torpaqlarımız uğrunda mübarizəmizi də aparmaq üçün şans verdi və cənab Prezident İlham Əliyevin böyük dəstəyi, tövsiyəsi və təşəbbüsü ilə “Azərbaycan Qaçqınlar Cəmiyyəti”ni biz 2022-ci il avqustun 3-də Qərbi Azərbaycan icması olaraq yenidən formalaşdırdıq. Artıq bizim qarşımızda təkcə sonuncu deportasiya zamanı qovulan insanların hüquqları yox, son 200 ildə tarixi torpaqlarımızdan qovulan insanların hüquqlarını müdafiə məsələsi, bu hüquqları beynəlxalq müstəviyə çıxartmaq məsələsi, bu hüquqları, bu 30 il ərzində Azərbaycanın bütün haqq səsinə biganə qalan, Azərbaycanın haqqını yeyən, belə demək mümkünsə, ikili standartlarla yanaşan beynəlxalq təşkilatların, dövlətlərin hamısının masası üzərinə qoymaq və haqqımızı tələb eləmək məsələsi gündəmə gəldi və Qərbi Azərbaycan icması olaraq biz artıq ilk addımlarımızı atmaqdayıq. Cənab Prezident dekabrın 24-də Qərbi Azərbaycan icmasının inzibati binasında olarkən bizim qarşımızda konkret vəzifələr qoydu. Bu vəzifələrin önündə Qərbi Azərbaycana qayıdış konsepsiyasını hazırlamaq var ki, biz bunu hazırladıq və bu gün onun icrasını davam etdiririk. İkinci əsas məsələ, Qərbi Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq məsələsidir. Çünki dünya ictimaiyyəti demək olar ki, Qərbi Azərbaycan həqiqətlərinin, ermənilərin həmin ərazidə 200 il ərzində xalqımıza qarşı törətdiyi faciələrdən tamamilə xəbərsizdir və bu istiqamətdə ilk addımlar atılıb. Artıq bizim iki sənədimiz BMT-nin rəsmi sənədi kimi dünyanın 190 dövlət arasında və BMT-nin 5 rəsmi dilində yayılıbdır. Bunlar Qərbi Azərbaycan icmasının beynəlxalq ictimaiyyətə müraciətidir və bunlar Qərbi Azərbaycan icmasının Qərbi Azərbaycana qayıdış konsepsiyasıdır və bu ilk dəfə idi ki, Azərbaycan tarixində son 200 ildə Qərbi Azərbaycanda soydaşlarımıza qarşı törədilmiş cinayətlər beynəlxalq müstəvidə etiraf olunurdu, qəbul olunurdu. Bizim əlimizdə kifayət qədər ermənilərin törətdiyi cinayətlərlə bağlı faktlar var, sənədlər var, rəsmi sənədlər var. SSRİ Prokurorluğunun İstintaq Komissiyasının blanklı möhürü, qollu imzalı sənədləri var. Ermənistan Prokurorluğunun, Ermənistan Ali Məhkəməsinin, Ermənistanın ayrı ayrı rayonlarının prokurorluqlarının məhkəmə orqanlarının, Daxili işlər orqanlarının blanklarında bir tərəfində ermənicə, bir tərəfndə rusca olan və orada törədilmiş cinayətlərlə bağlı imzalı, möhürlü sənədləri var. Bu sənədlərin surətləri var. Biz bu sənədləri Qərbi Aərbaycan icmasında toplamışıq. Bildiyimiz kimi, dünən respublikanın Baş Prokurorluğu bütün bu cinayətlərlə bağlı artıq cinayət işi başladıb və biz bu sənədlərin hamısını toplayıb həmin istintaq komissiyasına təqdim edəcəyik və Azərbaycanın bu gün bütün bölgələrində Qərbi azərbaycanlılar yaşayırlar, məskunlaşıblar. Tarixin müxtəlif mərhələlərdə, o cümlədən, Qubada yaşayırlar və biz hamıdan Qərbi Azərbaycan icmasının qarşısında duran bu möhtəşəm vəzifənin, bu tarixi missiyanın həyata keçirilməsində öz dəstəyini əsirgəməməyi xahiş edirik".

Aləmdə Nəsib

Vəli Turan

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR