Prezident İlham Əliyev: “Biz özümüzü əsas ərzaq məhsulları ilə təmin etmək üçün praktiki addımlar atdıq”

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 12 yanvar 2022 20:03 (UTC +04:00)

“Bu, ən vacib məsələlərdən biridir. Bu məsələ ilə bağlı mən uzun illər fəaliyyət göstərirəm və hökumətə dəfələrlə tapşırıqlar vermişəm. Biz imkan daxilində bu məsələnin həlli ilə bağlı hesab edirəm ki, lazımi addımları atırıq. Amma biz reallığı nəzərə almalıyıq”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində Azərbaycanın ərzaq təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı suala cavabında deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycanda adambaşına düşən torpaq sahəsi qonşu ölkələrə və bir çox ölkələrə nisbətdə daha azdır: “Nəzərə alsaq ki, uzun illər ərazimizin təxminən 20 faizi işğal altında idi, nəzərə alsaq ki, ərazimizin bir hissəsi iqlimə görə, torpağın keyfiyyətinə görə kənd təsərrüfatı üçün yararsızdır, əlbəttə, bu, bizim işimizi çətinləşdirir. Yəni bu, reallıqdır və biz bu reallıqdan kənara çıxa bilmərik. Yəni, bu, bizim coğrafi vəziyyətimizdir”.

Prezident eyni zamanda, uzun illər ərzində bizim torpaqlarımızla yanaşı, çaylarımızın da işğal altında olduğunu diqqətə çatdırıb: “Və ermənilər o çayların məcralarını dəyişdirərək, xüsusilə Tərtərçayın suyunu kəsərək bizi bu imkanlardan məhrum edirdilər. Suvarma da ərzaq təhlükəsizliyi üçün əsas amillərdən biridir. Buna baxmayaraq, biz fəal çalışırdıq və eyni zamanda, ixracla da bağlı addımlar atılmalı idi. Mən misal gətirdiyim rəqəmlər, o cümlədən kənd təsərrüfatı ixracı hesabına əldə edilib. Əgər biz sovet dövrünə baxsaq, görərik ki, o vaxt Sovet İttifaqında vahid kənd təsərrüfatı və xalq təsərrüfatı kompleksi var idi, bölgü aparılırdı. Azərbaycan pambıq, üzüm, tütün, meyvə-tərəvəz istehsal edirdi və ət, süd, buğda idxal olunurdu Rusiyadan, Ukraynadan, Belarusdan. O vaxt biz özümüzü, ümumiyyətlə, bu əsas ərzaq məhsulları ilə təmin edə bilmirdik. Ona görə bizim qarşımızda iki vəzifə dayanmışdı. Birincisi, ərzaq təhlükəsizliyini maksimum dərəcədə təmin etmək ki, özümüzü kənarda başqa ölkələrdə yaranmış böhrandan sığortalayaq. İkincisi, ənənəvi kənd təsərrüfatı sahələrini inkişaf etdirmək ki, həm məşğulluğu, eyni zamanda, yerli istehsalı və ixracı artıraq. Ona görə bu gün də bu vəzifə gündəlikdədir.

Ənənəvi kənd təsərrüfatı məhsullarının yetişdirilməsinə fikir versək, deyə bilərəm ki, son 15 il ərzində meyvə istehsalı Azərbaycanda 2 dəfə artıb. İki dəfə, yəni, çox böyük rəqəmdir. Üzüm istehsalı da, həmçinin 2 dəfə artıb, tərəvəz istehsalı artıb. Pambıq istehsalı dəfələrlə artıb. Demək olar ki, biz son beş il ərzində pambıqçılığı diriltdik və qeyri-neft ixracatında pambığın nisbəti ildən-ilə artır. Eyni zamanda, biz özümüzü əsas ərzaq məhsulları ilə təmin etmək üçün praktiki addımlar atdıq. Məsələn, bu gün mal ətinə əgər baxsaq, biz özümüzü təqribən 90 faiz səviyyəsində təmin edirik, qoyun əti ilə 100 faiz. Azərbaycan heç vaxt süd istehsal etmirdi və bizdə ənənəvi olaraq mal-qaranın cinsi südçülük üçün əlverişli deyildi. Ona görə biz cins mal-qaranın alınmasına böyük vəsait xərclədik və bu gün Azərbaycanda əgər 1 milyondan çox iribuynuzlu mal-qara varsa, onun artıq 70 mini cins mal-qaradır. Son illər ərzində gətirdiyimiz və Azərbaycanda müəyyən tədbirlərin nəticəsində yetişdirilmiş cins mal-qaradır ki, bir neçə ildən sonra onların, əlbəttə, sayı artacaq. Ona görə məsələn, süd və süd məhsullarının istehsalında biz 80 faizə çıxa bilmişik. Həmçinin toyuq əti istehsalında da 80 faizə çıxa bilmişik. Yəni heç vaxt tarixdə - sovet dövründə və müstəqillik dövründə bu rəqəmlərə biz çıxmamışıq. Amma yenə də özümüzü biz hələ ki, təmin edə bilmirik və xüsusilə buğda ilə. Biz təqribən 3,3 – 3,4 milyon ton buğda istehlak edirik. Onlardan cəmi 2 milyonu Azərbaycanda istehsal edilir. Qalanını idxal edirik və əgər mən bu gün desəm ki, biz 100 faiz özümüzü ərzaq buğdası ilə təmin edə bilərik, yəqin ki, indiki şəraitdə səhv olar. Amma çalışmalıyıq ki, yerli istehsal artsın, ilk növbədə, məhsuldarlıq hesabına. Çünki bu gün taxılçılıqda məhsuldarlıq 32 sentnerdir, yəni 3,2 tondur. Əgər bu rəqəm 4 tona, 4,5 tona çatsa, bu, mümkündür, çünki iri fermer təsərrüfatlarının bəzilərində 7 tondur, bəzilərində 6 tondur. Mən bu təsərrüfatlarda olmuşam və bu təsərrüfatların yaradılmasında da fəal iştirak etmişəm. Onda biz mövcud əkin sahələrində özümüzü maksimum dərəcədə ərzaq buğdası ilə təmin edə bilərik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR