Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin idarəetmə orqanları məlum olub

# 21 iyul 2022 16:59 (UTC +04:00)

Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin idarəetmə orqanları Müşahidə Şurası və İcraçı direktoru olacaq.

APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin Fərmanı ilə təsdiqlənən Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Nizamnaməsinə əksini tapıb.

Xidmət Ağdam şəhərində yerləşir.

Müşahidə Şurası Xidmətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir. Şura Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi 5 üzvdən – Şuranın sədrindən və digər 4 üzvdən ibarətdir. Şura ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərir. Şuranın vəzifələri sırasına Xidmətin inkişaf istiqamətlərini, strateji məqsədlərini və planlarını müəyyən etmək, Xidmətin təsərrüfat cəmiyyətlərinin yaradılması və onlarda iştirak barədə, həmçinin Xidmətin idarə, filial və nümayəndəliklərinin yaradılması barədə qərar qəbul etmək, Xidmətin maliyyə planlaşdırmasını və büdcəsini təsdiq etmək, İcraçı direktorun fəaliyyətinə nəzarət etmək və onun fəaliyyətini yoxlamaq, Xidmətdə daxili audit bölməsinin fəaliyyətinə nəzarət etmək və fəaliyyətinə dair hesabatlar almaq, habelə onun üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək daxildir.

Şuranın sədri rübdə azı bir dəfə Şuranın iclaslarını çağırır və iclaslara sədrlik edir. Şuranın iclaslarının keçirilməsi təşəbbüsü ilə Şuranın üzvü və ya İcraçı direktor çıxış edir. Şuranın iclasları Şura üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Şuranın iclasında, hər üzvün bir səsi olmaqla, qərarlar açıq səsvermə yolu ilə sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslər bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledicidir. Şuranın katibini Şuranın sədri Şura üzvü olmayan əməkdaşlar sırasından təyin edir və katib Şuranın sədrinə hesabat verir.

Xidmətin cari fəaliyyətinə rəhbərliyi İcraçı direktor həyata keçirir. İcraçı direktor Şura tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir. İcraçı direktorun onun təqdimatı əsasında Şura tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR