ASK Özbəkistanda nümayəndəsini təyin edib

ASK Özbəkistanda nümayəndəsini təyin edib
# 19 fevral 2021 10:38 (UTC +04:00)

Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Özbəkistanda nümayəndəsi vəzifəsinə Fərid Verdiyev təyin edilib.

ASK-dan “APA-Economics”ə verilən məlumata görə, F. Verdiyev Özbəkistanda fəaliyyət göstərən “A-sera Asia” MMC-nin təsisçisi, həmçinin Türkiyədə təsis edilən “Six Sigma İthalat İhracat LTD”nin rəhbəridir.

ASK-nın Özbəkistandakı tərəfdaşları, o cümlədən, Özbəkistan Ticarət və Sənaye Palatası ilə məhsuldar əməkdaşlığı barədə nümayəndəyə geniş məlumat verilib və hər iki ölkə arasında iqtisadi əməkdaşlığı yüksəltmək üçün onun qarşısında konkret hədəflər qoyulub.

Qeyd edək ki, F. Verdiyev 1996-2000-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq, 2000-2004-cü illərdə həmin universitetinin Beynəlxalq İqtisadiyyat və 2013-cü ildə Moskva Dövlət İqtisadiyyat Universitetinin Dünya İqtisadiyyatı ixtisasları üzrə təhsil alıb.

O, əmək fəaliyyətinə “Bakı Şərab-1” ASC-də hüquq məsləhətçisi kimi başlamış daha sonra isə Hüquq və kadrlar şöbəsinin rəisi olmuşdur. 2010-2011-ci illərdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə-Sınaq Mərkəzinin (Az.TEST) direktor müavini kimi fəaliyyət göstərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR