Almaniya Azərbaycan menecerlərinin ixtisasının artırılmasını davam etdirəcək

Almaniya Azərbaycan menecerlərinin ixtisasının artırılmasını davam etdirəcək
# 02 mart 2021 15:38 (UTC +04:00)

Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq və Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov iki ölkənin iqtisadiyyat nazirlikləri arasında Azərbaycan şirkətlərində çalışan menecerlərin ixtisasının artırılmasına dair əməkdaşlığın davam etdirilməsi haqqında Birgə Niyyət Bəyannaməsini imzalayıblar.

APA-Economics”in məlumatına görə, menecerlər üçün ixtisasartırma proqramı artıq 10 ildir Azərbaycanda uğurla həyata keçirilir. Birgə Niyyət Bəyannaməsi ilə proqramın növbəti illərdə də davam etdirilməsi təmin edilir. Azərbaycanla həyata keçirilən proqram Almaniyanın Federal İqtisadiyyat və Energetika Nazirliyinin menecerlərin ixtisasının artırılması üzrə "Almaniya ilə əməkdaşlığa uyğunlaşma" adlı qlobal proqramının tərkib hissəsidir. Proqramı Almaniya tərəfindən GIZ cəmiyyəti (Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti) və Azərbaycan tərəfindən Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) həyata keçirir.

Proqramda iştirak edən Asiya, Şərqi Avropa, Latın Amerikası, Şimali və Sahara altı Afrikanın 21 ölkəsindən olan menecerlər alman şirkətləri və onların işi ilə tanış olur, Almaniyada işgüzar əlaqələr qurur və yerli şirkətlərə yeni təklif və fikirlər ilə geri qayıdırlar. Alman şirkətləri üçün proqram bir çox hallarda iştirakçı ölkələrin şirkətləri ilə uzunmüddətli işgüzar əlaqələr üçün bir başlanğıcdır. Son 11 ildə Azərbaycandan 470-dən artıq menecer bu proqramda iştirak etmiş və eyni zamanda çoxsaylı məzun tədbirlərindən bəhrələnmişdir. Layihə artıq çoxsaylı uğurlu işgüzar əlaqələr ilə nəticələnmişdir. Proqram hazırda koronavirus pandemiyası səbəbindən onlayn formatda həyata keçirilir.

Müasir idarəetmə metodlarına bələd olan yüksək ixtisaslı mütəxəssislər iqtisadi artıma və rifaha mühüm töhfə verirlər. Bu səbəbdən menecerlərin təlimi və ixtisasartırması bir dövlətin inkişafı üçün vacib bir sahədir.

“Bu proqram vasitəsilə Almaniyanın Azərbaycan iqtisadiyyatının gələcək inkişafına mühüm və davamlı töhfə verdiyinə görə şadıq. Bu gün biz proqramın Azərbaycanla uğurla davam etdirilməsinin təməlini qoyduq”, - səfir Volfqanq Maniq bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR