Azərbaycana ötən il 2,7 mln. dollarlıq buket gülləri idxal olunub

Azərbaycana ötən il 2,7 mln. dollarlıq buket gülləri idxal olunub
  • Clock-gray 16:50
  • calendar-gray 03 Mart 2021

2020-ci ildə Azərbaycana xarici ölkələrdən ümumi dəyəri 2,701 mln. ABŞ dolları təşkil edən 5 656 210 ədəd buket düzəltmək və ya dekorativ məqsədlər üçün kəsilmiş güllər idxal edilib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına görə, bu göstərici ötən il ərzində miqdar ifadəsində 37,7%, dəyər ifadəsində isə 2,1 dəfə azalıb. Ötən il dekorativ güllərdən ən çox ölkəyə qızılgül və qərənfil gətirilib. Belə ki, 2020-ci ildə Azərbaycan xaricdən 2,251 mln. dollar dəyərində 2 637 950 ədəd qızılgül idxal edib ki, bu da 2019-cu il ilə müqayisədə miqdar ifadəsində 49,6%, dəyər ifadəsində isə 2,1 dəfə azdır.

Qeyd edək ki, ən çox qızılgül Azərbaycana Ekvadordan tədarük olunub. Sözügedən ölkə Azərbaycana 2020-ci ildə 1,399 mln. dollarlıq 1 630 000 ədəd dekorativ qızılgül ixrac edib.

Qərənfillərə gəldikdə, ötən il Azərbaycana 158,09 min dollar dəyərində 2 634 840 ədəd qərənfil idxal edilib ki, bu da illik müqayisədə miqdar ifadəsində 12,5%, dəyər ifadəsində isə 3,5% azdır. Sözügedən güllərin 98,4%-ni Azərbaycana Türkiyədən gətirilib. Belə ki, ötən il qonşu ölkədən 145,46 min dollar dəyərində 2 593 040 ədəd kəsilmiş dekorativ qərənfil idxal olunub. Bu da illik müqayisədə miqdar ifadəsində 12,1% azdır, dəyər ifadəsində isə 6,1% çoxdur.

Əlavə olaraq, buket düzəltmək və ya dekorativ məqsədlər üçün Azərbaycana 7,75 min dollarlıq 3,37 min ədəd səhləb çiçəyi, 22,07 min dollarlıq 54,95 min ədəd kəsilmiş xrizantema, 4,01 min dollarlıq 2,4 min ədəd zanbaq və 257,16 min dollar dəyərində 322,7 min ədəd qladiolus idxal olunub.

Mirsəid İbrahimzadə

Digər xəbərlər