Azərbaycana ötən il 81 mln. manatlıq şokolad idxal edilib

Azərbaycana ötən il 81 mln. manatlıq şokolad idxal edilib
# 23 fevral 2021 12:45 (UTC +04:00)

2020-ci il ərzində Azərbaycana 47,576 mln. ABŞ dolları (təxminən 80,88 mln. manat) dəyərində 19 631,53 ton şokolad və ondan hazırlanan digər məmulatlar idxal edilib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına görə, 2019-cu illə müqayisədə şokolad idxalı həcm ifadəsində 10,5%, dəyər ifadəsində isə 3,7% artıb.

Ötən il Azərbaycana ən çox şokolad Rusiyadan gətirilib. Belə ki, Rusiya Azərbaycana 30,913 mln. dollarlıq 14 217,31 ton şokolad göndərib ki, bu da illik müqayisədə həcm ifadəsində 12,5%, dəyər ifadəsində isə 4,9% çoxdur.

İkinci əsas ixracatçı olan Ukrayna ötən il Azərbaycana 4,289 mln. dollar dəyərində 2 300,52 ton şokolad ixrac edib. Bu göstəricilər illik müqayisədə müvafiq olaraq 1,8% və 0,5% azalıb.

Üçüncü pillədə olan Türkiyədən isə Azərbaycana 5,778 mln. dollarlıq 1 298,08 ton şokolad tədarük olunub ki, bu da həcm ifadəsində 40,6%, dəyər ifadəsində isə 16% çoxdur.

Qeyd edək ki, məşhur şokolad istehsalçısı sayılan İsveçrədən Azərbaycan 177,52 min dollarlıq 11,89 ton sözügedən məhsuldan idxal edilib. Bu, 2019-cu illə müqayisədə müvafiq olaraq 32,2% və 53,2% azdır.

Xatırladaq ki, Rusiyadan idxal olunan şokoladın bir tonu 2 174 dollara başa gəldiyi halda, İsveçrə şokoladının 1 tonu 14 917 dollar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR