Azərbaycanın bu il ixrac etdiyi əsas qeyri-neft məhsulları pomidor, albalı və qızıl olub

Azərbaycanın bu il ixrac etdiyi əsas qeyri-neft məhsulları pomidor, albalı və qızıl olub
# 30 iyul 2020 15:36 (UTC +04:00)

Bu ilin ilk altı ayı ərzində Azərbaycanın ixracı 7,7 mlrd.ABŞ dolları, qeyri-neft sektoru üzrə 911,9 mln. dollar dəyərində ixrac reallaşdırılıb.

Bu barədə “APA-Economics” İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”na istinadən xəbər verir.

Məlumata əsasən, qeyri-neft sektoru üzrə ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 67,6 milyon ABŞ dolları və ya 6,9% azalıb.

Bu ilin yanvar-iyun ayları ərzində Rusiyaya 370,3 mln., Türkiyəyə 177,2 mln., İsveçrəyə 96,1 mln., Gürcüstana 76,7 milyon və Çinə 28,3 mln. ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2020-cu ilin ilk 6 ayı ərzində Rusiyaya qeyri-neft ixracı 4,3%, İsveçrəyə 30,7% və Çinə 65,5% artıb.

Bu ilin yanvar-iyun ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor (162,3 mln. dollar) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 85,7 mln. dollar) ikinci və pambıq mahlıcı (58,6 mln. dollar) üçüncü olub.

Ümumiyyətlə, 2020-ci ilin ilk 6 ayı ərzində meyvə-tərəvəz ixracı 328 mln., pambıq lifi ixracı 59,4 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 40,9 mln., kimya sənayesi məhsullarının ixracı 40,6 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 22,3 milyon, pambıq ipliyi ixracı 9,9 milyon, alkoqollu və alkoqolsuz içkilərin ixracı 6,5 mln., şəkər ixracı 7,7 mln., bitki və heyvan mənşəli piylər və yağlar ixracı 11,4 mln., çay ixracı 4,8 mln. ABŞ dolları təşkil edib.

2020-ci ilin iyun ayında qeyri-neft sektoru üzrə ixrac 190,4 mln. ABŞ dolları təşkil edib. Xüsusilə, 2020-ci ilin iyun ayında yeyinti məhsulları ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,1 mln. ABŞ dolları və ya 10% artıb. Bundan əlavə, qeyri-neft sektoru ixracın ümumi ixracda payı ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,9% artaraq 26,7% olub.

Bu ilin iyun ayında qeyri neft-qaz məhsulları üzrə ən çox mal Rusiyaya (99,3 milyon ABŞ dolları), Türkiyəyə (32,9 mln. ABŞ dolları), İsveçrəyə (24,6 mln. ABŞ dolları), Gürcüstana (6,2 mln. ABŞ dolları) və Ukrayna (5,1 mln. ABŞ dolları) ixrac edilib.

2020-cu ilin iyun ayında qeyri-neft sektoru üzrə ixracda tomat (pomidor - 39,2 mln. ABŞ dolları) birinci, təzə albalı və gilas (32,2 mln. ABŞ dolları), qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 21 mln. ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR