İranın "Nəmin" xüsusi iqtisadi zonası payızda istifadəyə veriləcək

İranın "Nəmin" xüsusi iqtisadi zonası payızda istifadəyə veriləcək
# 29 aprel 2020 15:50 (UTC +04:00)

“Nəmin” xüsusi iqtisadi zonası yaxın beş ay ərzində xarici və yerli sənaye sahibləri və investorların ixtiyarına veriləcək.

Bunu APA-nın Tehran bürosuna açıqlamasında “Nəmin” xüsusi iqtisadi zonasının baş direktoru Bəhmən Azərvəş deyib.

O bildirib ki, “Nəmin” xüsusi iqtisadi zonası Ərdəbil əyalətinin ən böyük inkişaf layihələrindəndir: “Uzun illərdi bu layihə üzərində işlər aparılır və bu böyük layihənin birinci fazası (841 hektar ərazi) yaxın beş ay ərzində xarici və yerli sənaye sahibləri və investorların ixtiyarına veriləcək”.

Bu layihənin Azərbaycan və İran iqtisadiyyatının inkişafında və iki ölkə arasında ticarət dövriyyəsinin artmasında rolundan danışan B. Azərvəş qeyd edib ki, sözügedən xüsusi iqtisadi zonanın Azərbaycana yaxın olması, Ərdəbil əyaləti ilə Azərbaycan bölgələrinin çoxlu oxşarlıqları, eləcə də iki ölkənin ixracatçıları və idxalatçılarına geniş vergi güzəştlərinin tətbiqi əminliklə iki ölkə arasında ticarət dövriyyəsini artıracaq.

B. Azərvəş onu da qeyd edib ki, xüsusi iqtisadi zonanın ümumi ərazisi 2 055 hektardır və Ərdəbil beynəlxalq hava limanının yaxınlığında yerləşir: “Ərdəbil-Astara magistral yolu bu zonanın yanından keçir. Həmçinin, bu zona gələcəkdə dəmir yolu vasitəsilə Şimal-Cənub beynəlxalq dəhlizi dəmir yolu şəbəkəsinə birləşdiriləcək”.

Zonada iqtisadi fəallar üçün xüsusi güzəştlər tətbiq olunacağını deyən B. Azərvəş bildirib ki, bu zonadan məhsul ixrac edən şirkətlərə 100% gömrük güzəştləri veriləcək: “Onlara vergi güzəştləri tətbiq olunacaq. Xüsusi iqtisadi zonaya idxal olunan xammal və avadanlıqlar üçün də gömrük xərcləri alınmayacaq. Bu güzəştlər iqtisadi fəallar üçün şəraiti daha əlverişli edəcək”.

B. Azərvəş əlavə edib ki, xüsusi iqtisadi zonanın açılışının İran və Azərbaycan ticarətinin artmasına bir təsiri də budur ki, Azərbaycan İranın Orta Asiya və Rusiya ölkələrinə çıxış yoluna çevriləcək və bu da hər iki ölkədə iş yerlərinin açılmasına səbəb olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR