Bu il Azərbaycan sahibkarlarına 50 mln. manatdan çox güzəştli kreditlər verilib

Bu il Azərbaycan sahibkarlarına 50 mln. manatdan çox güzəştli kreditlər verilib
# 09 iyul 2019 17:27 (UTC +04:00)

Bu gün İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun təşkilatçılığı ilə İsmayıllıda keçirilən işgüzar forumda Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən 28 sahibkara 476 min manat güzəştli kredit verilib.

Nazirlikdən “APA-Economis”ə verilən məlumata görə, verilən kreditlər əsasən heyvandarlıq, bağçılıq, üzümçülük və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 30-dan çox iş yerinin açılması mümkün olacaq.

“Ümumilikdə isə, bugünkü forumda verilən kreditlər də daxil olmaqla indiyədək Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1 969 investisiya layihəsinin maliyyələşdirilməsinə 73,4 mln. manat güzəştli kredit verilib”, - deyə nazirlikdən bildirilib.

İşgüzar forum çərçivəsində İsmayıllı rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan cins heyvandarlıq, arıçılıq, intensiv bağçılıq və bitkiçilik təsərrüfatlarının, ət kəsimi və satışı məntəqəsinin, süd emalı müəssisəsinin, otelin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

Statistikaya əsasən, bu ilin ötən dövründə 545 sahibkarın ümumi dəyəri 182 mln. manat olan investisiya layihələrinin maliyyələşdirilməsinə 50,1 mln. manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 2 minə yaxın iş yerinin yaradılmasına imkan verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR