Bu ilin ilk beş ayında dövlət büdcəsinə aksizlər üzrə vergi daxilolmaları kəskin artıb

Bu ilin ilk beş ayında dövlət büdcəsinə aksizlər üzrə vergi daxilolmaları kəskin artıb
# 02 iyul 2019 11:55 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında Azərbaycan dövlət büdcəsinə qeyri-neft sektorundan vergi daxilolmalarında yüksək artım templəri əsasən ƏDV, aksiz, mənfəət, dövlət rüsumları, əmlak vergisi, mədən vergisi və sair daxilolmalar istiqamətində olub.

Azərbaycan Vergilər Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, dövriyyələrin şəffaflaşdırılması istiqamətində aparılan işlər, gəlirlərin bəyanetmə səviyyəsinin yüksəlməsi, könüllü bəyanetmənin əhəmiyyətli dərəcədə qalxması, habelə vergi inzibatçılığında islahatlar, iqtisadiyyatın ayrı-ayrı sektorlarında müşahidə edilən artım templəri həm tədiyyə növləri üzrə, həm də qeyri-neft sektorunun əksər sektorlarında vergi daxilolmalarının artımına səbəb olub.

Hesabat dövründə ƏDV daxilolmalarında artım 18,3%, mənfəət vergisi üzrə 33,7%, əmlak vergisi üzrə 13,3%, dövlət rüsumları üzrə 63,2%, sair daxilolmalar üzrə 45,1%, mədən vergisi üzrə 18%, aksizlər üzrə isə 4,6 dəfə təşkil edib.

Əsas vergilər üzrə cəmi vergi daxilolmalarında ƏDV, aksiz və mənfəət vergilərinin xüsusi çəkisinin artımı müşahidə olunur. ƏDV üzrə göstərici 24,9%-dən 25,3%-ə, o cümlədən qeyri-neft sektorunda 31,4%-dən 32%-ə, aksiz vergisi üzrə göstərici 7,1%-dən 7,4%-ə, o cümlədən qeyri-neft sektorunda 0,4%-dən 1,8%-ə, mənfəət vergisi üzrə göstərici 36,4%-dən 38,2%-ə, o cümlədən qeyri-neft sektorunda 25,7%-dən 29,6%-ə qalxıb.

Cari ilin ilk beş ayında qeyri-neft sektorunun bütün fəaliyyət sahələrində vergi daxilolmalarının artımı müşahidə edilib. Daxilolmalarda ən yüksək artım templəri bank və sığorta sektorunda (48,4%), rabitə sahəsində (40,6%), nəqliyyat sahəsində (26,1%), xidmət sektorunda (22,6%), ticarət sahəsində (13,3%), o cümlədən pərakəndə ticarətdə (32,4%), tikinti sahəsində (9,6%), digər fəaliyyət sahələrində (25,6%) qeydə alınıb.

Qeyd edək ki, bu ilin yanvar-may aylarında Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə 3 139,3 mln. manat vergi səfərbər olunub, proqnoza 110,1% səviyyəsində əməl edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 8,3% və ya 239,9 mln. manat artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR