Nazir ukraynalı iş adamlarını Azərbaycandakı sənaye parklarına investisiya yatırmağa çağırıb

Nazir ukraynalı iş adamlarını Azərbaycandakı sənaye parklarına investisiya yatırmağa çağırıb
# 20 iyun 2019 14:11 (UTC +04:00)

Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev Ukraynanın Azərbaycana yeni təyin olunmuş səfiri Vladimir Kanevski ilə görüşüb.

APA-Economics”in Nazirliyə istinadən verdiyi məlumata görə, görüşdə nazir Şahin Mustafayev Azərbaycan və Ukrayna arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb. Qeyd olunub ki, Azərbaycan-Ukrayna əlaqələri iqtisadiyyatın müxtəlif sahələrini əhatə edir, qarşılıqlı investisiya qoyuluşları həyata keçirilir. Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, nəqliyyat, xidmət və s. sahələrdə 150-dən çox Ukrayna kapitallı şirkət fəaliyyət göstərir. Əməkdaşlığın genişləndirilməsi perspektivlərinə gəlincə, İqtisadiyyat naziri qeyd edib ki, sənaye, energetika, kənd təsərrüfatı, ticarət, nəqliyyat-tranzit, turizm, əczaçılıq və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar var. Bununla yanaşı, Ukrayna iş adamları Azərbaycandakı sənaye parklarında və məhəllələrində yaradılmış əlverişli şəraitdən istifadə edib, investisiya yatıra bilərlər.

Ötən ilin iyun ayında Kiyevdə Azərbaycan Ticarət Evinin açıldığını xatırladan İqtisadiyyat naziri Ticarət Evinin iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı, biznes təşəbbüslərinin stimullaşdırılması və Azərbaycan məhsullarının “Made in Azerbaijan” brendi ilə Ukrayna bazarında təşviqi baxımından əhəmiyyətini vurğulayıb.

Ukraynanın Azərbaycana yeni təyin olunmuş səfiri Vladimir Kanevski Ukraynanın strateji tərəfdaşı olan Azərbaycanda iqtisadi sabitliyi yüksək qiymətləndirib. Yüksək səviyyəli qarşılıqlı səfərlərin, keçirilən görüşlərin ikitərəfli əməkdaşlığın inkişafında önəmini qeyd edən səfir iki ölkə arasında əlaqələrin inkişafı üçün səy göstərəcəyini bildirib.

Səfir SOCAR-ın Ukraynada uğurlu fəaliyyətini qeyd edib. Vladimir Kanevski Azərbaycanda Ukrayna Ticarət Evinin açılmasının nəzərdə tutulduğunu, həyata keçirilən tədbirlərin əməkdaşlığın daha da genişləndirilməsinə qarşılıqlı marağı ifadə etdiyini vurğulayıb.

Görüşdə Azərbaycan-Ukrayna iqtisadi-ticarət əlaqələrinə və əməkdaşlığın genişləndirilməsi imkanlarına, həmçinin, Ukrayna Baş nazirinin birinci müavini, İqtisadi İnkişaf və Ticarət naziri Stepan Kubivin Azərbaycanda nəzərdə tutulan səfəri barədə fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR