DGK APEPEA-nın iddialarına münasibət bildirib - YENİLƏNİB

Dövlət Gömrük Komitəsi

© APA | Dövlət Gömrük Komitəsi

# 12 may 2022 19:54 (UTC +04:00)

Dövlət Gömrük Komitəsi Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının (APEPEA) iddiasına münasibət bildirib.

APA xəbər verir ki, Komitənin açıqlamasında deyilib ki, müraciətdə qurumun quş əti və yumurta istehsalçılarının çətinlikləri, ehtiyaclarını müzakirə etmək üçün dövlət qurumlarına etdiyi müraciətlərə yalnız Dövlət Gömrük Komitəsinin cavab vermədiyi bildirilir. Eyni zamanda, gömrük orqanlarının quş əti və yumurta istehsalı məqsədilə idxal edilən avadanlıqlara rüsum tətbiq etdiyi, Türkiyədən idxal edilən günlük cücələri dəyərindən daha aşağı qiymətə rəsmiləşdirildiyi iddia olunur:

“Dövlət Gömrük Komitəsi bildirir ki, müraciətdə qeyd olunan quşçuluq avadanlıqları xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olaraq idxal gömrük rüsum dərəcəsi tətbiq edilərək malların gömrük rəsmiləşdirilməsi həyata keçirilir.

Həmçinin, idxal olunan avadanlıqlar “Azad ticarət zonasının yaradılması haqqında” Sazişin müddəalarına uyğun olduqda və “Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən sərbəst ticarət rejiminin təqdim edilməsi məqsədilə Sazişin iştirakçısı olan dövlətin CT-1 formalı mənşə sertifikatının əsli təqdim edildikdə idxal gömrük rüsumundan azad olunur”.

Qeyd edilib ki, mövcud siyahı Nazirlər Kabineti tərəfindən təsdiq edildikdən sonra bu məqsədlə ölkə ərazisinə idxal olunacaq kənd təsərrüfatı təyinatlı avadanlıqlar kodlar üzrə mal mövqeyi baxımından əlavə dəyər vergisindən azad ediləcək:

“Türkiyədən idxal olunan bir günlük cücələrin dəyərinin aşağı bəyanolunması ilə bağlı Dövlət Gömrük Komitəsinə daxil olan müraciət əsasında DGK tərəfindən cari ilin fevral ayının 24-də Türkiyə Respublikasına sorğular göndərilib. Sorğu nəticəsində qeyd olunan fakt öz təsdiqini taparsa qanunvericiliyə uyğun şəkildə müvafiq addımlar atılacaq.

Assosasiyanın dəyərlə bağlı iddialarına onu da əlavə edək ki, gömrük dəyəri kimlərinsə diqtəsi və ya monopolist istəkləri ilə deyil, müvafiq sorğuların nəticəsi əsasında formalaşdırılır. Dövlət Gömrük Komitəsinin Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının müraciətlərinə reaksiya vermədiyi barədə iddialara gəlincə isə bildiririk ki, adıçəkilən assosiasiyadan cari ildə bir müraciət daxil olub və Komitənin müvafiq qurumu tərəfindən ətraflı cavablandırılıb.

***

13:50

Bir müddət əvvəl Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası (APEPEA) quş əti və yumurta istehsalçılarının çətinlikləri, ehtiyaclarını müzakirə etmək üçün dövlət qurumlarına müraciət etmişdi.

Assosiasiyadan "APA-Economics"ə verilən məlumata görə, müraciət olunan dövlət qurumlarının hamısı APEPEA üzvləri ilə görüşərək, problemlərini dinləyib, onların həlli istiqamətində müəyyən addımlar atılmağa başlanıb.

“Hətta özəl şirkət olan “Veysəloğlu” Şirkətlər Qrupunun rəhbərliyi də quş əti və yumurta istehsalçıları ilə görüşərək, “Araz” və “OBA” marketlər şəbəkələri ilə yaranan problemləri müzakirə ediblər”.

APEPEA-dan o da bildirilib ki, indiyədək müraciət etdikləri qurumlardan yalnız Dövlət Gömrük Komitəsindən sahibkarların müraciətinə hər hansı reaksiya verilməyib: “Halbuki quş əti və yumurta istehsalçıları bir neçə istiqamətdə gömrük orqanları ilə çətinliklər yaşamaqdadırlar. Məsələn, qanunvericiliyə əsasən kənd təsərrüfatı istehsalı və emalı üçün gətirilən avadanlıqlar idxal rüsumlarından azaddır. Lakin gömrük orqanları ən müxtəlif bəhanələrlə quş əti və yumurta istehsalçılarının gətirdikləri istehsal avadanlıqlarını rüsuma cəlb etməyə çalışırlar. Əvəzində isə Türkiyədə topdansatış qiyməti 50 sent olan 1 günlük cücələrin Azərbaycana idxalını 25 sentə rahatlıqla rəsmiləşdirirlər. Özü də Türkiyədəki satış qiymətlərini təsdiq edən sənədləri dəfələrlə Dövlət Gömrük Komitəsi rəsmilərinə təqdim etdiyimiz halda. Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası olaraq güman edirik ki, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin bu məsələlərdən xəbəri yoxdur. Buna görə də onunla görüşmək niyyətimizi kütləvi informasiya vasitələrinin köməyi ilə özünə çatdırmaq qərarına gəldik", - deyə məlumatda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR