Azərbaycanda alternativ enerji sahəsində keçiriləcək hərraclar proqramı 2020-2025-ci illəri əhatə edəcək

Azərbaycanda alternativ enerji sahəsində keçiriləcək hərraclar proqramı 2020-2025-ci illəri əhatə edəcək
  • Clock-gray 15:27
  • calendar-gray 29 Noyabr 2019

Azərbaycanda alternativ enerji mənbələrinin inkişafı çərçivəsində keçiriləcək hərraclar proqramı 2020-2025-ci illəri əhatə edəcək.

Bunu “APA-Economics”ə Energetika Nazirliyinin Aparat rəhbəri Zaur Məmmədov deyib.

Onun sözlərinə görə, Avropa Yenidənqurma və İnkişaf Bankı ilə birlikdə bu sahədə müvafiq sistem tərtib ediləcək, hansı ki, hərracların keçirilməsi proqramını, texniki və maliyyə göstəriciləri üzrə ilkin seçim prosedurları əhatə edəcək.

“Hərracların siyahısı və proqramı həm bizim (Energetika Nazirliyinin – red.) saytımızda, həm də KİV-də dərc ediləcək. Düşünürəm ki, proqram 2020-2025-ci illəri əhatə edəcək və sözügedən proqram çərçivəsində hərraclar keçiriləcək”, - deyə Z. Məmmədov vurğulayıb.

Nazirliyin rəsmisi onu da qeyd edib ki, hərracların keçirilməsi ən şəffaf və yaxşı üsuldur: “Praktika onu göstərir ki, hərracların keçirilməsi olduqca rəqabətli qiymətləri əldə etməyə imkan verir”.

Qeyd edək ki, Azərbaycanda alternativ enerji sahəsinin inkişafı çərçivəsində hərraclara çıxarılacaq seçilmiş 8 coğrafi ərazi üzrə layihələrin ümumi gücü 750 MVt təşkil edəcəyi gözlənilir. Sözügedən ərazilərdə investisiyalar cəlb edilməklə 5 külək və 3 günəş enerji stansiyaların tikintisi planlaşdırılır.

Energetika Nazirliyinin göstəricilərinə əsasən, Azərbaycan bərpa olunan enerji mənbələri yüksək potensialına malik olan ölkələrdəndir. Belə ki, ölkəmizin iqtisadi cəhətdən əlverişli və texniki cəhətdən istifadəsi mümkün olan bərpa olunan enerji mənbələrinin potensialı 26 940 MVt, o cümlədən, külək enerjisi üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 040 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir.

Keçən il respublika üzrə istehsal edilmiş elektrik enerjisi 25,2 mlrd. kVt-saat olmuşdur ki, onun da 2,04 mlrd. kVt-saatı bərpa olunan enerji mənbələrinin payına düşmüşdür. İl ərzində külək elektrik stansiyalarında 85,7 mln. kVt-saat, günəş elektrik stansiyalarında 39,3 mln. kVt-saat, bərk məişət tullantılarının yandırılması zavodunda isə 162,3 mln. kVt-saat elektrik enerjisi istehsal olunmuşdur. Bərpa olunan enerji mənbələrindən istehsal olunmuş elektrik enerjisi ümumi istehsalın 8,1%-ni təşkil edib.

Emil İsmayılov

Digər xəbərlər

Arxiv

date