BP: "Şəfəq-Asiman" blokunda kəşfiyyat qazmasına hazırlıq gedir

BP: "Şəfəq-Asiman" blokunda kəşfiyyat qazmasına hazırlıq gedir
  • Clock-gray 17:10
  • calendar-gray 09 Dekabr 2019

"BP şirkəti Xəzərin Azərbaycan sektorunda yerləşən "Şəfəq-Asiman" perspektiv blokunda ilk SAX01 kəşfiyyat quyusunun qazmasına hazırlaşır".

Bunu "APA-Economics"ə BP Azərbaycan, Gürcüstan və Türkiyə regionunda Əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

Öncə BP "Şəfəq-Asiman" blokunda ilk kəşfiyyat quyusunu qazmaq məqsədilə “Heydər Əliyev” Səyyar Dəniz Qazma Qurğusunu (SDQQ) təhvil alıb.

"Qazma işlərinə bu il başlamaq məqsədi ilə sahədə hazırlıq işləri aparılır. Hazırlıq işləri bitəndən sonra qazma prosesinə start veriləcək", - deyə B. Aslanbəyli qeyd edib.

Bundan əvvəl SDQQ Fransanın "Total" şirkətinin sifarişi ilə kəşfiyyat quyusunun qazılması işləri çərçivəsində "Abşeron" yatağında işləyib. “Heydər Əliyev” qazma qurğusu "Caspian Drilling Company LTD" MMC-in balansındadır.

Xatırladaq ki, "Şəfəq-Asiman"da qazma işləri 12 ay ərzində həyata keçiriləcək. Bu perspektiv blokda ilk SAX01 kəşfiyyat quyusunun qazılması işlərinin (o cümlədən quyunun sınaq fəaliyyətləri – red.) ümumilikdə 604 günədək davam edəcəyi gözlənilir.

Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinə əsasən, qazıldıqdan sonra quyunun konservasiya ediləcəyi və 1-3 illik fasilədən sonra (quyu sınağı üçün qazma qurğusunun mövcudluğundan asılı olaraq – red.) quyuda sınaq işlərinin aparılması gözlənilir.

Ümumi layihə çərçivəsində fəaliyyətlər iki mərhələdə həyata keçiriləcək. Birinci mərhələyə quyunun qazılması və konservasiyası işləri daxildir (qazma işləri 2020-ci ilin üçüncü rübündə, konservasiya – 2020-ci ilin dördüncü rübündə başa çatacaq – red.). İkinci mərhələdəki işlərə quyunun sınağı və quyunun ləğvi daxildir. SAX01 quyusunun qazılmasında əsas məqsəd Kontrakt sahəsinin gələcəkdə potensial işlənməsinə başlamazdan əvvəl Qırmakuüstü Qumlu, Fasilə və Balaxanı lay dəstələrindəki qaz ehtiyatını qiymətləndirməkdir.

"Şəfəq-Asiman" kontrakt sahəsi Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan cənub-şərq istiqamətində təxminən 125 km məsafədə uzanır. Sahəsində suyun dərinliyi təxminən 600-800 metr təşkil edir və bu yataqda karbohidrogen ehtiyatları dəniz səviyyəsindən aşağıda təxminən 6-7 min metr dərinliklərdə yerləşir.

"Şəfəq-Asiman" bloku üzrə müqavilə 2010-cu ilin oktyabrında imzalanıb. BP (operator) və SOCAR arasında imzalanan bu müqavilə 30 ili əhatə edir. Müqavilədə şirkətlərin hər birinin payı 50%-dir.

Emil İsmayılov

Digər xəbərlər