BTC üzrə əməliyyat xərcləri bu il kəskin azalıb

BTC üzrə əməliyyat xərcləri bu il kəskin azalıb
  • Clock-gray 11:55
  • calendar-gray 16 Noyabr 2020

Bu ilin yanvar-sentyabr aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri üzrə əməliyyat xərclərinə təqribən 67 mln. ABŞ dolları sərf edilib ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 29,5% azdır.

APA-Economics”in BP-nin (layihənin operatoru) Azərbaycanda apardığı əməliyyatlar üzrə 2020-ci ilin ilk rübünün yekunlarına görə dərc etdiyi hesabata istinadən verdiyi məlumata əsasən, əsaslı xərclərə isə təqribən 20 mln. dollar sərf edilib (20% azalma).

Hesabata əsasən, 1 768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən  2020-ci ilin üçüncü rübünün sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə 469 mln. tondan artıq (3,52 mlrd. barel) xam neft nəql edilmiş və Ceyhanda 4 595 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

İlk üç rüb ərzində isə BTC vasitəsilə təqribən 21,4 mln. ton (10,8% azalma) xam neft və kondensat ixrac olunub və Ceyhanda 214 tankerə yüklənib (3,6% azalma).

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.

Qeyd edək ki, Ötürmə qabiliyyəti gündə 1 mln. bareldir. BTC boru kəmərinin neftlə doldurulmasına 2005-ci il mayın 6-da başlanılmış və bu kəmərlə nəql edilmiş ixrac xam nefti yüklənmiş ilk tanker 2006-cı il iyunun 4-də yola salınıb.

Xatırladaq ki, “BTC Co.”nun səhmdarları sırasına isə BP (30,1%), “AzBTC” (25%), MOL (8,9%), “Equinor” (8,71%), TPAO (6,53%), “Eni” (5%), “Total” (5%), ITOCHU (3,4%), INPEX (2,5%), “ExxonMobil” (2,5%) və “ONGC (BTC) Limited” (2,36%) şirkətləri yer alıb.

Emil İsmayılov

Digər xəbərlər