Bakıda Cənub Qaz Dəhlizi haqqında kitab təqdim olunub

Bakıda Cənub Qaz Dəhlizi haqqında kitab təqdim olunub
# 24 iyul 2020 16:39 (UTC +04:00)

Böyük Britaniyanın BP şirkəti SOCAR və ADA Universiteti ilə birlikdə bu il Xəzər regionundan Avropaya qaz nəql etməyə başlayacaq bir sıra boru kəmərlərindən ibarət olan Cənub Qaz Dəhlizinin (CQD) əhəmiyyətindən bəhs edən tədqiqat kitabının təqdimatını keçirib. Bu boru kəməri ilk dəfə olaraq Xəzər regionundakı qaz yataqlarını birbaşa Avropadakı bazarlarla birləşdirəcək.

BP-dən “APA-Economics”ə verilən məlumata görə, tədqiqat işləri və kitabın nəşri BP-nin qlobal enerji keçidi proseslərinə dəstək olmaq səyləri çərçivəsində “BP-Azərbaycan” tərəfindən maliyyələşdirilib.

Kitab müxtəlif ölkələr, CQD ilə bağlı bazarlar və enerji layihələri haqqında dərin biliklərə malik on tanınmış yerli və beynəlxalq müəllifin yardımı ilə hazırlanmış on bir fəsildən ibarətdir. Kitab ingilis dilində yazılıb və CQD-nin başladığı və CQD-yə ilkin olaraq qaz təchiz edəcək ölkədə - Azərbaycanda yerli auditoriyanın bu kitabdan bəhrələnməsi üçün onun Azərbaycan dilinə tərcümə edilməsi planlaşdırılır.

Bu gün Bakıda kitabın ictimaiyyətə təqdim olunması münasibətilə keçirilən xüsusi tədbirdə çıxış edən BP-nin Yaxın Şərq və Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib: “BP CQD-nin aid olduğu bu nəhəng qaz dəyəri zəncirinin bütün hissələrində iştirak edir. Ona görə də, təbii ki, biz CQD ilə bağlı vəziyyəti və şəraiti və eləcə də az karbonlu dünyada qazın gələcəyini araşdıran bu dəyərli tədqiqatı və təhlili dəstəkləmək qərarına gəldik. İnanıram ki, kitab bu nəhəng infrastrukturun bir neçə aydan sonra tam işə düşməyə hazırlaşdığı bir vaxtda CQD-nin əhəmiyyətini dərindən başa düşmək üçün dəyərli bir bələdçidir. CQD-nə aid mövzular və bu böyük layihə ilə bağlı regionlar haqqında öz dərin biliklərini bölüşdüklərinə görə bütün müəlliflərə təşəkkür edirəm”.

Kitabın redaktoru və on müəllifindən biri olan Gülmirə Rzayeva: “Bu kitab enerji keçidi erasında təbii qaz bazarlarında misli görünməmiş dəyişikliklərin baş verdiyi bir vaxta təsadüf etdi. Ümumiyyətlə, təbii qaz və xüsusən də Cənub Qaz Dəhlizi kimi boru kəməri layihələri Avropanın təchizat təhlükəsizliyinə əhəmiyyətli dərəcədə töhfə verməklə bu keçid prosesində mühüm rol oynayır. Bu kitab təbii qaz bazarı və Cənub Qaz Dəhlizi sahəsində tanınmış mütəxəssislərin əhəmiyyətli töhfəsi sayəsində ərsəyə gəlib.

Kitabın redaktoru və müəlliflərindən biri olan professor Kostas Andriosopoulos: “Mühüm layihə olan Cənubi Qaz Dəhlizinə həsr edilmiş və Avropa İttifaqının öz iqtisadiyyatını karbonsuzlaşdırmağa və enerji təchizatının təhlükəsizliyini təmin etməyə çalışdığı bir dövrdə ideal keçid yanacağı kimi təbii qazın rolundan bəhs edən “Cənub Qaz Dəhlizi və onun Cənub-Şərqi Avropa üçün əhəmiyyəti | Yeni enerji keçidi erası” adlı nəşrin təqdimatında iştirak etməkdən məmnunluq duyuram”.

Qeyd edək ki, layihənin ümumi dəyəri 25 min ABŞ dollarından çoxdur.

Xatırladaq ki, 2019-cu ildə BP və tərəfdaşları Azərbaycanda öz sosial investisiya layihələrinə təxminən 4 mln. ABŞ dolları vəsait xərcləmişlər. Ümumilikdə isə, fəaliyyətə başladığı vaxtdan indiyədək bp özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə layihələrinə 87 mln. ABŞ dollarından çox vəsait xərcləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR