Cənubi Qafqaz boru kəməri ilə son beş ildə qazın nəqli 72% artıb

Cənubi Qafqaz boru kəməri ilə son beş ildə qazın nəqli 72% artıb
# 26 yanvar 2021 10:53 (UTC +04:00)

Ötən beş il ərzində (2016-2020-ci illər) Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə 45 431,7 mln. kubmetr qaz nəql edilib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin göstəricilərinə əsasən apardığı hesablamalarına görə, 2015-2019-cu illər ərzində sözügedən kəmərlə qazın nəqli 71,7% artıb.

Hesablamalara əsasən, Cənubi Qafqaz boru kəməri ilə qazın nəqli üzrə ən yüksək göstərici 2020-ci ildə qeydə alınıb – 12 267,7 mln. kubmetr. Hesabat dövründə bu istiqamət üzrə ən aşağı göstərici isə 2016-cı ildə müşahidə olunub – 7 145,1 mln. kubmetr.

Aparılmış hesablamalar onu göstərir ki, ötən beş ildə Azərbaycanda magistral qaz kəmərləri ilə 124 085,7 mln. kubmetr qaz nəql edilib. 2016-cı ildən 2020-ci ilədək magistral kəmərlər vasitəsi ilə qazın nəqli 38,7% artıb (ən yüksək göstərici 2020-ci ildə – 29 610,8 mln. kubmetr, ən aşağı göstərici isə 2016-cı ildə – 21 348,2 mln. kubmetr, qeydə alınıb).

Ötən beş ildə magistral qaz kəmərləri vasitəsi ilə nəql edilən "mavi yanacağın" 36,6%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.

Qeyd edək ki, boru kəmərlər ilə qazın nəqlinin artımı Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağının ikinci mərhələsinin reallaşdırılması nəticəsində ölkədə qaz hasilatının artması ilə bağlıdır.

Xatırladaq ki, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri "Şahdəniz" yatağından çıxarılan qazın Gürcüstan və Türkiyəyə nəqli üçün inşa edilib. Kəmərin uzunluğu 980 km, diametri 42 düymdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR