Novak: "Bu ilin sonuna balanslaşmış neft bazarına çıxış təmin edilə bilər"

Novak: "Bu ilin sonuna balanslaşmış neft bazarına çıxış təmin edilə bilər"
# 19 iyun 2020 12:16 (UTC +04:00)

"OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşmasının icrası bu ilin sonunda balanslaşmış neft bazarına çıxışı təmin etməyə imkan yarada bilər.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu ölkənin Energetika naziri Aleksandr Novak deyib.

Onun sözlərinə görə, bu məsələ üzrə "OPEC+" ölkələrinin və OPEC katibliyinin hesablamalı üst-üstə düşür. Belə ki, A. Novakın sözlərinə görə, tələb artımının hazırkı dinamikası, "OPEC+" razılaşmanın icrası və "OPEC+"a daxil olmayan ölkələr tərəfindən gündəlik neft hasilatının 3,5 mln. barel azalması bu ilin sonuna və ya gələn ilin ortalarına qədər balanslaşmış bazara çıxışı təmin etməyə imkan yarada bilər.

Xatırladaq ki, aprel ayının 12-də "OPEC+" ölkələri nazirlərinin 10-cu iclasında qəbul edilmiş tarixi razılaşma ümumilikdə gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barel, iyul-dekabrda 7,7 mln. barel, 2021-ci ildən 2022-ci ilin aprel ayının sonuna qədər 5,8 mln. barel azaldılmasını nəzərdə tuturdu.

Bununla yanaşı, OPEC-in üzv və qeyri-üzv ölkələrinin nazirlərinin iyunun 6-da video-konfrans formatında keçirilən 11-ci iclasında gündəlik neft hasilatının 9,7 mln. barel azaldılması ilə bağlı mövcud kvotanın müddətinin daha 1 ay, iyulun sonunadək uzadılması barədə qərar qəbul olunub.

İclasda əldə edilən razılığa əsasən, iyulda gündəlik neft hasilatını OPEC ölkələri 6,084 mln. barel, qeyri-OPEC ölkələri isə 3,616 mln. barel azaldacaq. Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt və Oman isə gündəlik neft istehsalını iyun ayında əlavə olaraq, təxminən, 1,2 mln. barel həcmində ixtisar edəcəklər. Yeni "Əməkdaşlıq Bəyannaməsi"nə uyğun olaraq Azərbaycan may-iyun ayları üzrə 164 min barrel həcmindəki öhdəliyini bu müddət ərzində də yerinə yetirərək, gündəlik xam neft istehsalını 554 min barel səviyyəsində saxlamalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR