OPEC 2045-ci ildə inkişaf etmiş ölkələrdə neft dövrünün bitəcəyini proqnozlaşdırır

OPEC 2045-ci ildə inkişaf etmiş ölkələrdə neft dövrünün bitəcəyini proqnozlaşdırır
# 08 oktyabr 2020 17:36 (UTC +04:00)

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) yaxın 5 ildə inkişaf etmiş ölkələrdə gündəlik neft hasilatının 1,1 mln. barel azalacağını proqnozlaşdırır.

"APA-Economics"in məlumatına görə, bu proqnoz OPEC-in dərc etdiyi "World Oil Outlook" (WOO) hesabatında verilib.

Qeyd olunur ki, 2025-ci ilədək İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (The Organisation for Economic Co-operation and Development – OECD) ölkələrində neftə olan gündəlik tələbat 1,1 mln. azalacaq. 2045-ci ilə qədər olan dövrdə isə bu ölkələrdə neftə olan tələbat gündəlik 13 mln. barel azalaraq 34,8 mln. barelə enə bilər.

OECD ölkələrində nəqliyyat sektorunun inkişafı pik həddə çatıb və bu səbəbdən artım perspektivi yoxdur. Neft istehlakında yavaşlamanın digər bir səbəbi isə iqlim dəyişikliyi siyasətləri və texnoloji inkişaflar olacaq ki, bu da, öz növbəsində, karbohidrogendən alınan yanacaqların istifadəsini ekoloji daha təmiz yanacaqlarla əvəz olunmasına gətirib çıxaracaq. Belə ki, Avropada avtomobil satışları 2019-cu illə müqayisədə 40%, ABŞ-da 32%, Yaponiyada 20% azalıb. Eyni zamanda, elektrikli nəqliyyat vasitələrinin payı artmaqdadır.

Bununla yanaşı, inkişaf etməkdə olan ölkələrdə 2025-ci ilədək gündəlik neft istehlakı 5 mln. barel artaraq 56,9 mln. barelə çatacaq ki, bu da böhrandan əvvəlki səviyyəni (51,8 mln. barel) xeyli üstələyəcək.

Uzunmüddətli perspektivdə isə – 2045-ci ilədək – bu ölkələrdə neftə olan gündəlik tələbatın 2,5 mln. barel artaraq 74,3 mln. barelə çatacağı gözlənilir.

2025-ci ilədək neftə olan gündəlik tələbat ən çox Çində (1,4 mln. barel), Hindistanda (1 mln. barel) və digər Asiya ölkələrində (0,9 mln. barel) artacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR