OPEC+ koronavirusla bağlı neft hasilatını daha 500 min barel azalda bilər

OPEC+ koronavirusla bağlı neft hasilatını daha 500 min barel azalda bilər
# 03 fevral 2020 17:27 (UTC +04:00)

Neft hasilatının azaldılmasına dair razılaşmaya qatılan ölkələr (OPEC+) koronavirusla əlaqədar yaranan vəziyyətə görə gündəlik hasilatı daha 500 min barel azalda bilər.

Bu barədə "APA-Economics" "Reuters" agentliyinə istinadən xəbər verir.

"OPEC və müttəfiqləri koronavirusun neft tələbatına təsiri səbəbindən neft hasilatını gündə 500 min barel azaltmaq imkanını nəzərdən keçirirlər", - agentlik mənbəyə istinadən xəbər verir.

Məlumata əsasən, bundan əlavə, OPEC+ çərçivəsində nazirlərin görüşünü planlaşdırıldığı kimi, martda deyil, 14-15 fevral tarixlərində keçirilməsi məsələsinə də baxılır.

Qeyd edək ki, OPEC+ ölkələri koronavirusla bağlı vəziyyət və bunun neft bazarına təsirini araşdırmaq üçün qurumun Texniki Monitorinq Komitəsinin iclasının planlaşdırılandan öncə keçirilməsinə qərar verib. Martın əvvəlində OPEC+ ölkələrinin nazirlərinin toplantısından əvvəl planlaşdırılan komitənin iclasının gələn həftə 4-5 fevral tarixlərində keçirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, 2019-cu ilin 6 dekabr tarixində Vyanada keçirilən OPEC üzv və qeyri-üzv dövlətlərin nazirlərinin VI görüşündə 2020-ci ilin I rübündə gündəlik neft hasilatının daha 500 min barel azaldılması ilə bağlı qərar qəbul olunub. Bununla da OPEC+ üzrə gündəlik neft hasilatının azaldılması ilə bağlı öhdəlik 1,7 mln. barelə çatdırılıb. Hasilatın azaldılması ilə bağlı əlavə həcmlərin bölünməsi OPEC+ ölkələri arasında proporsional qaydada aparılıb.

Dünya neft bazarının tənzimlənməsi prosesinə dəstək məqsədilə Azərbaycan da hasilatın əlavə həcmlərdə azaldılması ilə bağlı yeni Razılaşmaya qoşulub. Azərbaycan müvafiq olaraq gündəlik neft hasilatını 20 min bareldən əlavə 7 min barel də azaldacaq. Beləliklə, öhdəliyi 27 min barelə yüksələn Azərbaycan 2020-ci ilin yanvar ayından etibarən gündəlik hasilatı 769 min barel həcmində saxlamalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR