"OPEC+" monitorinq komitəsinin iclası tövsiyələr verilmədən başa çatıb

"OPEC+" monitorinq komitəsinin iclası tövsiyələr verilmədən başa çatıb
  • Clock-gray 10:10
  • calendar-gray 18 Noyabr 2020

"OPEC+" (OPEC-in (Neft İxrac Edən Ölkələr Təşkilatı) və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) nazirlərinin monitorinq komitəsinin iclası 2021-ci ildə neft hasilatının azalması səviyyəsinə dair tövsiyələr verilmədən başa çatıb.

"APA-Economics"in məlumatına görə, bunu TASS-a təşkilatdakı iki mənbə deyib.

Bir mənbənin sözlərinə görə, iclas 30 noyabr – 1 dekabr tarixlərində keçiriləcək OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin görüşü üçün tövsiyələr vermədən başa çatıb.

Digər mənbə isə nazirlərin yaxın təmasda qaldıqlarını və yenidən görüşüb təklif hazırlaya biləcəklərini bildirib.

Səudiyyə Ərəbistanının energetika naziri Əbdül Əziz bin Salmanın sözlərinə görə, hazırda qərar vermək zamanı deyil. Bununla belə, nazir "OPEC+"ın istənilən qərarlar üçün açıq olduğunu vurğulayıb.

Bunlarla yanaşı, iclasın nəticələrinə görə, qəbul olunan yekun sənədin mətnində qeyd edilir ki, komitənin tövsiyəsi OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin 12-ci iclası üçün təqdim olunacaq.

Qeyd edək ki, "OPEC+" texniki komitəsinin növbəti planlaşdırılmış iclası 16 dekabrda, nazirlərin monitorinq komitəsinin görüşü isə 17 dekabrda keçiriləcək.

Xatırladaq ki, iclasdan öncə "OPEC+" nazirləri həm hazırda tətbiq olunan (gündəlik 7,7 mln. barel) hasilatın azaldılması üzrə məhdudiyyətlərin vaxtının uzadılması, həm də daha dərin məhdudiyyətlərin tətbiq olunması məsələlərini müzakirə etməyə hazır olduqlarını artıq qeyd etmişlər.

Aprel ayının 12-də "OPEC+" ölkələri  nazirlərinin 10-cu iclasında qəbul edilmiş tarixi razılaşma ümumilikdə gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barel, iyul-dekabrda 7,7 mln. barel, 2021-ci ildən 2022-ci ilin aprel ayının sonuna qədər 5,8 mln. barel azaldılmasını nəzərdə tuturdu.

Bununla yanaşı, OPEC-in üzv və qeyri-üzv ölkələrinin nazirlərinin iyunun 6-da video-konfrans formatında keçirilən 11-ci iclasında gündəlik neft hasilatının 9,7 mln. barel azaldılması ilə bağlı mövcud kvotanın müddətinin daha 1 ay, iyulun sonunadək  uzadılması barədə qərar qəbul olunub.

Emil İsmayılov

Digər xəbərlər