Rövnəq Abdullayev "Maire Tecnimont"un rəhbərini qəbul edib

Rövnəq Abdullayev "Maire Tecnimont"un rəhbərini qəbul edib
# 29 yanvar 2020 12:00 (UTC +04:00)

Bu ilin yanvarın 28-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev "Maire Tecnimont" holdinqinin sədri və əsas səhmdarı Fabrizio Di Amatonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, görüşdə əsasən Heydər Əliyev adına Neft Emalı Zavodunun moderinizasiyası və "SOCAR Polymer" layihələri haqqında fikir mübadiləsi aparılmışdır. SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası prosesində Maire Tecnimont şirkəti yeni qurğuların tikintisi üzrə əsas podratçı kimi çıxış edir. Modernizasiyanın bu hissəsi üzrə ilkin iş həcminin artıq 63% yekunlaşmışdır. Şirkətin layihəyə çevik inteqrasiya olunması daha əvvəl Azərbaycanda "SOCAR Polymer" layihəsində iştirakından irəli gəlir. Bildirilib ki, hazırda "Maire Tecnimont"un Azərbaycan ofisində işləyənlərin əhəmiyyətli hissəsi yerli mütəxəssislərdir.

Qeyd olunmuşdur ki, SOCAR rəhbərliyi, Heydər Əliyev adına Neft Emalı Zavodunun moderinizasiyasının ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, bu layihənin icrasına nəzarəti birbaşa öz üzərinə götürüb. Yeni yaradılmış "SOCAR Daunstrim" şirkəti layihənin sürətlə və yüksək səmərə ilə icra edilməsinə və optimallaşdırılmasına nəzarəti həyata keçirir, koordinasiyanın mərkəzləşdirilməsini təmin edir. Türkiyədə STAR Neft Emalı Zavodu layihəsində qazanılmış uğurlu təcrübədən yararlanmaq üçün həmin layihədə iştirak etmiş mütəxəssislər Azərbaycana gətirilərək, "SOCAR Daunstrim" şirkətinə cəlb olunub və artıq Heydər Əliyev adına NEZ-in modernləşmədə podratçı şirkətlərin mütəxəssisləri ilə birlikdə çalışırlar.

Azərbaycanda və regionda yeganə neft emalı müəssisəsi olan Heydər Əliyev adına NEZ ölkənin enerji təhlükəsizliyinin əsas təminatçılarındandır. Buna görə də modernləşmə dövründə zavodun fəaliyyəti dayandırılmır, yenidənqurma işləri tam gücü ilə işləyən zavodda istehsalat prosesləri ilə yanaşı həyata keçirilir. Odur ki, zavodun modernləşməsi mürəkkəb layihələrdən hesab olunur.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev vurğulamışdır ki, Heydər Əliyev adına Neft Emalı Zavodunun modernləşməsi müəyyən edilmiş xərclər daxilində, dövlət vəsaitlərindən maksimum səmərəli istifadə olunmaqla həyata keçirilməlidir. Layihənin müəyyən olunmuş müddətdə tamamlanması əsas şərtlərdən biri kimi vurğulanıb.

Görüşdə, həmçinin başa çatmış "SOCAR Polymer" layihəsi çərçivəsində Yüksək Sıxlıqlı Polietilen zavodunun bəzi qurğularında keçirilən sonuncu planlı sınaq işlərinin gedişi də müzakirə edilib. Bildirilib ki, sınaq işləri SOCAR və "Maire Tecnimont" mütəxəssisləri tərəfindən yaxın bir həftə ərzində həyata keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR