SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi fəaliyyətini pandemiya dövrünün tələblərinə uyğun təşkil edib

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi fəaliyyətini pandemiya dövrünün tələblərinə uyğun təşkil edib
# 09 fevral 2021 18:08 (UTC +04:00)

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi koronavirus infeksiyasının pandemiya olaraq elan edildiyi 2020-ci ildə öz işini xüsusi karantin rejiminin tələblərinə uyğun qurmaqla, tədris prosesində yaranmış fasilə dövründə təlim kurslarının məzmununun dinləyicilərə çatdırılması baxımından təlim-tədris mərkəzlərində keçirilən kursları onlayn rejimdə davam etdirmişdir. İdarənin bütün təlim mərkəzlərində onlayn təlimlərin keçirilməsi üçün sinif otaqları ayrılmış və lazımi texniki avadanlıqlarla təchiz edilib. Dərslər "Skype for business" proqramı ilə keçirilib.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, TTSİ-nin təlim mərkəzlərində ixtisasartırma, yenidən hazırlanma, ikinci peşəyə yiyələnmə, maarifləndirmə, təlimatlandırma kursları və yeni fəhlə kadrlarının hazırlanması istiqamətində 400-dən çox ixtisas üzrə, o cümlədən SOCAR müəssisələrini təmsil edən mühəndis-texniki işçilər üçün müxtəlif istiqamətlərdə təkmilləşdirmə kursları təşkil olunur. 2020-ci ildə SOCAR-da yeni işə götürülən 302 nəfər mütəxəssis üçün Əməyin mühafizəsi və təhlükəsizlik texnikası kursları, ümumilikdə 1136 nəfər üçün müxtəlif peşələr üzrə ƏMTT kursları keçirilib.

Məlumata görə, etik qərar qəbulu prosesi, komandada işləmə bacarığı, münaqişələrin həll edilməsi və işçi heyəti ilə ünsiyyətin düzgün qurulması sahəsində modulların öyrədilməsi üçün Bakı Ali Neft Məktəbinin 175 tələbəsinə "Peşə etikası" kursları tədris olunub.

Ümumilikdə, İdarə üzrə 2020-ci il ərzində kursları bitirmiş və attestasiyadan keçmiş dinləyicilərin və şagirdlərin sayı 5592 nəfər (o cümlədən, 266 nəfər kənar təşkilatlardan) olub. Bunun da 328 nəfəri 6 və 10 aylıq kurslarda təhsil alan şagirdlərdir. (Qobustan regional təlim mərkəzinin və Sumqayıt təlim-tədris mərkəzinin 30 şagirdi 44 günlük Vətən müharibəsinin iştirakçısı olmuş, onlardan 4 nəfəri göstərdiyi şücaətə görə müxtəlif medallarla təltif edilib).

Ötən il TTSİ-nin Qaynaq işlərinin sertifikatlaşdırılması şöbəsində 823 nəfər attestasiyadan keçmiş və 35 nəfər işə qəbul üzrə peşə sınağında iştirak etmişdir. Həmçinin, şöbənin əməkdaşları “Ümid-Babək” layihəsi çərçivəsində 90 nəfər qaynaqçını attestasiya prosesinə cəlb etmişlər. “Qarabağ” layihəsi üzrə isə 164 nəfər qaynaqçı attestasiyadan keçirilmiş və müvafiq sertifikatlarla təmin olunublar.

İdarənin 3 nəfər əməkdaşı Ukrayna Milli Elmlər Akademiyasının E. O. Paton adına Elektrik Qaynağı İnstitutunun Sahələrarası təlim-attestasiya mərkəzi tərəfindən keçirilən təlim kurslarında iştirak edərək “Beynəlxalq qaynaq mühəndisi”, “Avropa qaynaq mühəndisi” və “Beynəlxalq qaynaq inspektoru” diplomlarına layiq görülüblər.

Böyük Britaniyanın City & Guilds Group Kvalifikasiya qurumu (The City and Guilds of London Institute) tərəfindən Qobustan regional təlim mərkəzində tədris olunan 3 ixtisas (Avadanlıqlara texniki xidmət; Qaynaq-quraşdırma; Elektrik-elektronika) üzrə mövcud akkreditasiyanın və Beynəlxalq Dəniz Podratçıları Assosiasiyasının (İMCA) “Dalğıc” kateqoriyası üzrə quruma üzvlüyə aid sertifikatın müddəti uzadılıb.

2020-ci ilin aprel-dekabr aylarında 402 vebinar təlim təşkil edilib, bu təlimlərdə 15000-dən çox dinləyici iştirak edib. Paralel olaraq, tədris planlarının və proqramlarının müntəzəm surətdə yenilənməsi ilə onların vahid elektron bazası yaradılmışdır. Nəticə etibarilə, SOCAR-ın müəssisələrində çalışan mühəndis-texniki heyətin peşə hazırlığı səviyyəsinin yüksəldilməsi, struktur bölmələrin sertifikatlaşdırma prosedurlarına riayət edilməsi, eləcə də Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin taktiki rəhbər işçilərinin və nəzəri-tədris mütəxəssislərinin bacarıqlarının və səriştəliliyinin artırılması rəhbərlik tərəfindən diqqət mərkəzində saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR