SOCAR-ın idarəsi növbəti dəfə beynəlxalq təlim akkreditasiyalarından keçib - FOTO

SOCAR-ın idarəsi növbəti dəfə beynəlxalq təlim akkreditasiyalarından keçib - FOTO
  • Clock-gray 09:32
  • calendar-gray 31 Mart 2021

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi (TTSİ) Xəzər regionunda təlim xidmətlərinin təminatçısı olaraq dənizdə həyata keçirilən neft-qaz əməliyyatlarında insan həyatının mühafizəsi və xilasetmə-təxliyə sahəsində də nüfuzlu beynəlxalq qurumlarda akkreditasiya olunub.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, dənizdə insan həyatının mühafizəsi üzrə Təlim Mərkəzi (DİHMTM) həm qəza nəfəsalma sistemi (EBS), həm də sıxılmış havada qəza nəfəsalma sistemi (CA-EBS) ilə stolüstü və sahə auditi proseduralarını müvəffəqiyyətlə başa vurub. Audit proseduraları Böyük Britaniyanın Dənizdə neft-qaz hasilatı üzrə mütəxəssis hazırlığı təşkilatı (OPİTO) tərəfindən müəyyən edilmiş standartlara uyğun keçirilib.

SOCAR-ın idarəsi eyni zamanda dənizdə təhlükəsizlik texnikasının əsasları və fövqəladə hallar şəraitində hazırlıq üzrə təlim (BOSIET), batmaqda olan helikopteri tərketmə üzrə təlim (HUET) və dənizdə fövqəladə hallarda davranış üzrə təkrar təlim (FOET) kurslarının tədrisi ilə əlaqədar yenidən akkreditasiya edilib. Bu akkreditasiya şirkətin dəniz platforma və qurğularında çalışan mühəndis-texniki heyətin, habelə kənar təşkilatların mütəxəssislərinin sağlamlıq, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, eləcə də fövqəladə hallarda, qəzaya yaxın vəziyyətlərdə və risklərə nəzarət sahələrində təlim ehtiyaclarının təmin olunmasına xidmət edir.

SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov deyib: “Neft-qaz əməliyyatları zamanı insan həyatının təhlükəsizliyinin təminatı SOCAR-ın əsas prioritetlərindən biridir. Dəniz obyektləri bu sahədə daha riskli olduğundan, dənizdə baş verə biləcək situasiyalarla əlaqədar işçilərimiz üçün əlavə səriştəliklər və biliklər tələb olunur. Ona görə də dənizdə fəaliyyət göstərən bütün işçilər və dənizə ezam olunanlar icbari şəkildə Dənizdə insan həyatının mühafizəsi üzrə bir sıra təlimlər keçməli və müvafiq sertifikatlar əldə etməlidirlər. Əks halda onlar dənizə gedə bilməzlər. Bu, onların sağlamlığı və təhlükəsizliyi üçün mühüm şərtdir.

Səriştəliyin daha yaxşı inkişafı məqsədi ilə beynəlxalq standartlara cavab verən və dünyada tanınan təlim proqramlarına uyğun sertifikatlaşdırma şirkətimiz üçün çox əhəmiyyətlidir. Odur ki, DİHM Təlim Mərkəzinin maddi-texniki bazası ən müasir tədris resursları ilə təchiz olunaraq möhkəmləndirildi və müvafiq proseduralar tərtib edildi. Sonra Mərkəzin bu sahədə ən nüfuzlu beynəlxalq təşkilat olan OPİTO-da akkreditasiya olunması üçün müraciət etdik. Bir ilə yaxın müddət ərzində Mərkəz müxtəlif səviyyələrdə audit olundu və nəhayət bir neçə gün bundan öncə bu vacib prosedurlar uğurla başa çatdı. Mən bu işlərdə fəal çalışan bütün mütəxəssislərə, xüsusilə TTSİ və Baş ofisin İnsan resursları departamentinin əməkdaşlarına təşəkkür edirəm. Bununla da geniş infrastruktura malik DİHM Təlim Mərkəzi Xəzər regionunda təlim xidmətlərinin təminatçısı kimi, OPİTO şəbəkəsinin azsaylı üzvlərindən birinə çevrilib. Bu uğur Təlim Mərkəzinin dənizdə fəaliyyət göstərən digər şirkətlərə də xidmət göstərməsinə və daha effektiv fəaliyyətinə imkan yaradacaq.

Onu da qeyd edim ki, SOCAR yalnız əməyin mühafizəsi sahəsində deyil, həm də neft və qaz sənayesinin müxtəlif istiqamətləri üzrə peşə təlimləri keçirir və həmin təlimlər beynəlxalq sertifikatlar əsasında təşkil olunur. Artıq yüz mindən çox Azərbaycan vətəndaşı SOCAR-ın təşkil etdiyi peşə təlimlərini uğurla tamamlayıb. Bu da ölkədə neft kapitalından insan kapitalının formalaşması istiqamətində həyata keçirilən mühüm layihələrdən biridir”.

Xatırladaq ki, TTSİ 2016-cı ildən BOSİET üzrə akkreditasiya olunaraq təlim kursu keçirirdi və 579 nəfər dinləyici bu təlimlərdə uğurla iştirak edərək OPITO-nun məlumat bazasına daxil edilib. Lakin yeni alınmış akkreditasiya üzrə keçirilən təlimlərdə dəniz platformalarına helikopterlə uçuş zamanı fövqəladə hallara hazırlıq və suya məcburi eniş edən helikopterin tərk edilməsinə aid proseduralar, dənizdə sağqalma və ilk tibbi yardım üsulları, yanğınsöndürmə avadanlıqlarından istifadə qaydaları, eləcə də tüstü ilə dolmuş qapalı sahələrdə özünüxilas və təxliyə metodları tədris olunacaq.

Qeyd edək ki, DİHM – təlim mərkəzi SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin 5 peşə və ixtisas istiqamətləri üzrə fəaliyyərt göstərən təlim mərkəzlərindən biridir. 2011-ci ildən SOCAR-ın strukturunda yaradılan TTSİ-nin əsas fəaliyyət istiqamətini təlim, tədris prosesində, həmçinin sertifikatlaşdırma sistemində yeniliklərin SOCAR-ın və eləcə də Azərbaycanda fəaliyyət göstərən digər neft şirkətlərində və sənaye müəssisələrində tətbiqini təşkil edir. İdarə müxtəlif peşələr üzrə yeni fəhlə kadrlarının hazırlanması ilə yanaşı, ixtisasartırma, yenidən hazırlanma, təlimatlandırma, maarifləndirmə, təkmilləşdirmə və dənizdə işləyən neftçilər üçün müvafiq kurslar da təşkil edir. Yaradılarkən fəaliyyətinə 2 mərkəzlə başlayan TTSİ-nin nəzdində hazırda kadr hazırlığı işlərinin aparılması üçün 5 mərkəz və 3 qaynaq emalatxanası fəaliyyət göstərir. Təlim mərkəzlərində keçirilən təlimlərə indiyədək 128 minə yaxın müdavim cəlb olunub.

Emil İsmayılov

Digər xəbərlər