"Total" Azərbaycandakı layihələrini davam etdirəcək

"Total" Azərbaycandakı layihələrini davam etdirəcək
  • Clock-gray 10:12
  • calendar-gray 09 Aprel 2020

SOCAR-ın prezidenti Rövnəq Abdullayev “Total Azərbaycan” şirkətinin baş meneceri Regis Aqutu qəbul edib.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, görüşdə qlobal pandemiya dövründə uğurlu “Abşeron” layihəsi çərçivəsində əməkdaşlığın hazırkı effektivlik səviyyəsində davamlı olması üçün həyata keçirilən tədbirlər barədə, eləcə də hasilatın başlanması və növbəti inkişaf mərhələsi üzrə şirkətin planları ilə bağlı SOCAR prezidentinə məlumat verilib, eyni zamanda “Total” şirkətinin Azərbaycanda həyata keçirilən layihələrə sadiq qaldığı vurğulanmışdır. Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, qlobal enerji bazarında baş verən proseslər müzakirə olunub.

Məlumata əsasən, sonda “Total Azərbaycan” şirkətinin baş meneceri Regis Aqut “Total” şirkətinin kəşfiyyat və hasilat üzrə vitse-prezidenti Arno Bruyakın (Arnaud Breuilliac) məktubunu SOCAR-ın prezidenti R. Abdullayevə təqdim edib.

“Total” şirkəti Azərbaycanda SOCAR ilə birlikdə “Abşeron” yatağının işlənməsi layihəsində iştirak edir. “Abşeron” yatağı Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan cənub-şərq istiqamətdə yerləşir. Yatağın işlənməsi SOCAR və “Total” şirkətlərinin birgə müəssisə olan JOCAP tərəfindən həyata keçirilir. Qazma işləri SOCAR-ın CDC şirkəti tərəfindən aparılıb. “Abşeron” yatağı Azərbaycanın ən böyük qaz-kondensat yataqlarından biri, eyni zamanda, son 10 ildə “Total” şirkətinin ən böyük kəşfidir. Yatağın işlənilməsi Azərbaycanın təbii qaza artan daxili tələbatının təminatına və ixrac gəlirlərinin yüksəlməsinə mühüm töhfə verəcək.

Emil İsmayılov

Digər xəbərlər

Arxiv

date