"Abşeron" yatağında infrastrukturun qurulmasına bu ilin IV rübündə başlanacaq

"Abşeron" yatağında infrastrukturun qurulmasına bu ilin IV rübündə başlanacaq
# 23 iyul 2019 12:40 (UTC +04:00)

Xəzərin Azərbaycan sektorunda yerləşən "Abşeron" qaz yatağının işlənməsi çərçivəsində infrastrukturun yaradılması prosesinə bu ilin noyabr ayında start verilə bilər.

Bunu "APA-Economics"ə Azərbaycanın neft-qaz bazarındakı etıbarlı mənbə deyib.

Qeyd edək ki, sözügedən layihə çərçivəsində Fransanın "Total" şirkəti və "Saipem Contracting Netherlands BV", "Boshelf LLC" və "STAR GULF FZCO" şirkətlərində ibarət konsorsium arasında mövcud müqaviləyə əsasən, infrastrukturun yaradılması üzrə işlərin başa çatdırılması və istismara verilməsi 2020-ci ilin avqust ayına planlaşdırılıb.

Mənbənin sözlərinə görə, sahədə aparılan işlər "İsrafil Hüseynov" borudüzən gəmisinin təmirdə olması ilə əlaqədar gecikir.

Mənbə xatırlatdı ki, bu ilin 8 may tarixində "Şahdəniz-2" layihəsi çərçivəsində İtaliyanın "Saipem" şirkətinin Xəzər dənizində boru düzmək üçün istifadə etdiyi "İsrafil Hüseynov" gəmisində partlayış baş verib, bu da "Abşeron" yatağında nəzərdə tutulan işlərin qrafikinə öz təsirini göstərib.

"İşlərin başlanılması bu ilin sentyabrına planlaşdırılmışdır, lakin sözügedən səbəbdən qrafikdə gecikmə yaranıb. Hazırda olan məlumata əsasən, işlər noyabrda başlaya bilər", - deyə mənbə əlavə edib.

Xatırladaq ki, sözügedən müqavilə yataqda layihə işlərinin aparılmasını, infrastrukturun satın-alınması, istehsalı və dəniz şelfində quraşdırılmasını, uzunluğu 34 km olan 12-düymlük istehsal xəttinin işə salınması və sınaqdan keçirilməsinə yardım edilməsini nəzərdə tutur.

Müqaviləyə əsasən, dəniz sahəsindəki işin yerinə yetirilməsi üçün "İsrafil Hüseynov" borudüzən, "Qurban Abbasov" kran və "Topaz Arrow" yardımçı gəmiləri cəlb ediləcək.

Mənbənin sözlərinə görə, hazırda "Qurban Abbasov" gəmisinin də yenilənməsi davam etdirilir.

"Abşeron" dəniz blokundan kəşfiyyat, inkişaf və paylaşılan saziş haqqında razılaşma 27 fevral 2009-cu il tarixində imzalanıb. Hazırda layihənin iştirakçıları SOCAR (50%) və "Total" (50% – layihənin operatoru) şirkətləridir. Müqavilə 30 il müddətinə imzalanıb.

Yatağın ehtiyatları 350 mlrd. kubmetr qaz və 45 mln. ton kondensat həcmində qiymətləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR