“Şahdəniz” yatağına bu il 900 mln. dollardan artıq vəsait xərclənib

“Şahdəniz” yatağına bu il 900 mln. dollardan artıq vəsait xərclənib
# 10 may 2024 12:39 (UTC +04:00)

Bu ilin birinci rübündə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağı üzrə fəaliyyətlərə təxminən 719 milyon dollar əməliyyat xərcləri və təxminən 201 milyon dollar əsaslı xərclər çəkilib.

Bu barədə “APA-Economics” BP şirkətinin Azərbaycanda fəaliyyətinə dair cari ilin birinci rübünün nəticələrinə həsr olunmuş hesabata istinadən xəbər verir.

Beləliklə, bu ilin yanvar-mart aylarında “Şahdəniz” üzrə ümumi xərclər təqribən 920 mln. dollar təşkil edib.

“Bu xərclərin böyük əksəriyyəti “Şahdəniz 2” layihəsinə aid olub”, - hesabatda qeyd olunur.

Sənədə əsasən, rüb ərzində “Şahdəniz” yatağından Azərbaycan (“Azərkontrakt” ASC-yə), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (“BOTAŞ” şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün Bakı-Tbilisi-Ceyhan neft kəmərinə və Avropadakı alıcılara qaz çatdırılması davam edib.

“İlin ilk üç ayında yataqdan ümumilikdə - “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birlikdə təqribən 7 milyard standart kubmetr qaz və 1 milyon tondan çox (təqribən 9 milyon barel) kondensat hasil edib”, - hesabatda bildirilir.

Vurğulanır ki, mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə təxminən 79,5 milyon (ildə təqribən 29 milyard) standart kubmetrdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR