Azərbaycanda BOEM-in ümumi elektrik enerjisi istehsalındakı gücünün payı 18%-ə çatıb

Azərbaycanda BOEM-in ümumi elektrik enerjisi istehsalındakı gücünün payı 18%-ə çatıb
# 09 iyul 2019 16:28 (UTC +04:00)

Azərbaycanın ümumi elektrik enerjisi istehsalı gücü 7 144 MVt, iri su elektrik stansiyaları daxil olmaqla bərpa olunan enerji mənbələri (BOEM) üzrə elektrik stansiyalarının gücü 1 273 MVt-dır ki, bu da ümumi gücün 18%-ni təşkil edir.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, elektroenergetika sistemində ümumi gücü 1134 MVt olan 21 ədəd su elektrik stansiyası (11 ədədi kiçik su elektrik stansiyası), 37 MVt gücündə bərk məişət tullantılarının yandırılması zavodu, ümumi gücü 66 MVt olan 4 külək elektrik stansiyası, ümumi gücü 34 MVt olan 7 günəş elektrik stansiyası və bir ədəd hibrid elektrik stansiyası fəaliyyət göstərir.

“Bu stansiyalar, o cümlədən Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən 22 MVt-lıq günəş elektrik stansiyası, 2018-ci ildə “Azərişıq” ASC tərəfindən istismara verilmiş külək elektrik parkı ölkə iqtisadiyyatının və əhalisinin elektrik enerjisi ilə təminatında və enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynamağa başlayıb”, - məlumatda deyilir.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi” ilə tam şaxələndirilmiş və ekoloji baxımdan təmiz elektrik enerjisi istehsalının təmin edilməsi strateji hədəf olaraq müəyyənləşdirilib, külək enerjisi üzrə 350 MVt, günəş enerjisi üzrə 50 MVt və bioenerji üzrə 20 MVt olmaqla bərpa olunan enerji mənbələri üzrə 420 MVt yeni generasiya gücünün istifadəyə verilməsi nəzərdə tutulmuşdu. Eyni zamanda, elektrik enerjisinə olan tələbatın və istehsal gücünün proqnozlaşdırılması zamanı qarşıdakı növbəti 10 illikdə BOEM-in payının daha da artırılması planlaşdırılmışdı.

Xatırladaq ki, 2018-ci ildə respublika üzrə istehsal edilmiş elektrik enerjisi 25,2 mlrd. kVt-saat olub ki, onun da 2,04 mlrd. kVt-saatı bərpa olunan enerji mənbələrinin payına düşüb. İl ərzində külək elektrik stansiyalarında 85,7 mln. kVt-saat, günəş elektrik stansiyalarında 39,3 mln. kVt-saat, bərk məişət tullantılarının yandırılması zavodunda isə 162,3 mln. kVt-st elektrik enerjisi istehsal olunub. Bərpa olunan enerji mənbələrindən istehsal olunmuş elektrik enerjisi ümumi istehsalın 8,1%-ni təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR