“Babək” strukturunda ilk kəşfiyyat quyusu gələn il qazılacaq

“Babək” strukturunda ilk kəşfiyyat quyusu gələn il qazılacaq
# 28 aprel 2022 15:39 (UTC +04:00)

Xəzərin Azərbaycan sektorunda yerləşən “Babək” perspektiv strukturunun dayaz sulu hissəsində (63 metr) ilk kəşfiyyat quyusunun qazılmasına 2023-cü ilin I rübündə başlanıla bilər.

Bu barədə “APA-Economics”in sorğusuna cavab olaraq SOCAR-dan bildirilib.

SOCAR-dan verilən məlumata görə, quyunun qazılması “Satti” özü qalxan üzən qazma qurğusu vasitəsi ilə aparılacaq.

“Qazma əməliyyatlarına 2023-cü ilin I rübündə başlanılması ilə kəşfiyyat 2023-cü ilin sonuna gözlənilir”, - şirkətdən bildirilib.

Vurğulanıb ki, kəşfiyyat işləri uğurlu olduğu halda "Babək" strukturunun dayaz sulu hissəsinin işlənməyə cəlb olunması istiqamətində İşlənmə Proqramının hazırlanması planlaşdırılıb.

Onu da əlavə edək ki, hazırda “Satti” qazma qurğusu vasitəsi ilə Abşeron Yarımadasının Dayazsulu Hissəsi (SWAP) layihəsi çərçivəsində üçüncü kəşfiyyat quyusunun qazılması aparılır. Öncə sözügedən qurğu vasitəsi ilə bu sahədə artıq iki kəşfiyyaq quyusu qazılıb.

Qeyd edək ki, qarşıdakı dövrdə “Ümid” yatağında daha bir platformanın ("Ümid-2") tikilib quraşdırılması, yaxınlıqdakı “Babək” strukturunda kəşfiyyat-qazma işlərinin aparılması planlaşdırılıb. “Ümid-Babək” blokundan hasil olunacaq qaz və kondensat çıxarılan məhsul tikilən "Daşgil-2" terminalına sualtı boru xətti vasitəsilə çatdırılacaq.

"Ümid" yatağı 2010-cu ildə kəşf edilib. İlkin hesablamalara görə, yatağın ehtiyatı 200 mlrd. kubmetr qaz və 40 mln. ton kondensat həcmində qiymətləndirilir. "Ümid" yatağı 2012-ci ildə sənaye istismarına daxil edilib.

Xatırladaq ki, 2017-ci il yanvarın 12-də "Ümid" yatağının və "Babək" perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında SOCAR-la "SOCAR Umid Oil and Gaz Ltd." şirkəti arasında Risk Xidmət Sazişi imzalanıb. Bundan əlavə blokun kəşfiyyatı və işlənməsi üzrə neft-qaz əməliyyatlarının aparılması haqqında "SOCAR Umid Oil and Gas Ltd." şirkəti və "Umid, Babek Exploration & Production" şirkəti arasında müqavilə imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR