Bolqarıstan Azərbaycan qazını IGB ilə payızda qəbul etməyə başlayacaq

Bolqarıstan Azərbaycan qazını IGB ilə payızda qəbul etməyə başlayacaq
# 01 iyul 2022 17:43 (UTC +04:00)

Bu gündən Bolqarıstan Azərbaycan qazını tam həcmdə qəbul etməyə başlayır.

APA-Economics”in Bolqarıstan mətbuatına istinadən verdiyi məlumata görə, tam müqavilə həcmlərinin nəqli (ildə 1 mlrd. kubmetr) tikilən 182 kilometrlik Yunanıstan-Bolqarıstan birləşdirici qaz kəməri (Interconnector Greece – Bulgaria - IGB) ilə deyil, digər - Nea Mesimvria, müvəqqəti çatdırılma məntəqəsindən reallaşmalıdır.

Xatırladaq ki, Yunanıstan-Bolqarıstan birləşdirici qaz kəmərinin istifadəyə verilməsinin təxirə salınması səbəbindən (2020-ci ilin sonunda istifadəyə verilməli idi) Azərbaycan qazı Bolqarıstana müvəqqəti olaraq Yunanıstanın sərhəd nöqtəsində (Kula-Sidirokastro) mövcud birləşdirici xətlə nəql edilirdi, bu da nəqletmə həcmlərini məhdudlaşdırırdı.

ICGB layihə şirkətinin (layihənin operatoru) icraçı direktoru Teodora Georievanın sözlərinə görə, IGB bu ilin sentyabr-oktyabr aylarında fəaliyyətə başlayacaq.

Məlumatda qeyd olunur ki, hazırda IGB əsas tikinti işləri bitib və kəmər sınaqda keçirilir.

IGB boru kəmərinin illik ötürmə gücü 3 mlrd. kubmetr olacaq, gələcəkdə bu göstərici 5 mlrd. kubmetrə çatdırıla bilər. Gözlənilir ki, artıq bu ilin sentyabr ayından başlayaraq, kəmər vasitəsilə Azərbaycan qazı Bolqarıstana nəql ediləcək.

Xatırladaq ki, Bolqarıstanın "Bulgargaz" şirkəti "Şahdəniz-2" layihəsi çərçivəsində "Şahdəniz" konsorsiumu ilə ildə 1 mlrd. kubmetr qazın nəqli ilə bağlı müqavilə imzalayıb. Azərbaycan 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsi ilə Avropaya qaz ixracına başlayıb. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR