IGB qaz kəmərinin tikintisi bir qədər də ləngiyə bilər

IGB qaz kəmərinin tikintisi bir qədər də ləngiyə bilər
# 07 yanvar 2022 14:02 (UTC +04:00)

Bolqarıstan Yunanıstanla birləşdirici qaz kəmərinin (Interconnector Greece-Bulgaria – IGB) tikintisinin tamamlanmasında daimi gecikmələr səbindən zərər çəkməyə davam edir.

"APA-Economics"in "Euractiv"ə istinadən verdiyi məlumata görə, bu barədə Bolqarıstanın energetika naziri Aleksandr Nikolov bildirib.

Nikolov parlament dinləmələri zamanı qeyd edib ki, gecikmələrə görə Bolqarıstan hər gün 750 min avro itirir və Sofiya üçün son bir ildə itirilmiş gəlir 250 mln. avrodan çox olub.

Vurğulanır ki, Azərbaycan qazını Bolqarıstana daşıyacaq kəmər ölkə üçün olduqca vacibdir. Belə ki, kəmər Rusiya qazından asılılığı azaltmağa imkan yaradacaq. Xeyli gecikmələrdən sonra boru kəmərinin tikintisinə 2019-cu ilin mayında başlanılıb və müqaviləyə əsasən bu proses 2021-ci ilin sonuna qədər bitməli idi.

Nikolov xəbərdarlıq edib ki, Bolqarıstan sonu görünməyən tikintiyə görə daha çox itkilərə məruz qalacaq. Bolqarıstanın Azərbaycanla ildə 1 mlrd. kubmetr qaz idxalına dair müqaviləsi mövcuddur ki, bu da onun istehlakının təxminən üçdə birini təşkil edir.

Hazırda Azərbaycan qazı Bolqarıstanın Rusiyadan aldığı qazdan xeyli ucuzdur və Azərbaycan qazını çatdıra bilməməsi Sofiya üçün gəlir itkisi deməkdir. Bu gün Azərbaycan qazı Bolqarıstana Yunanıstanla olan mövcud xətlə daşınır edilir, lakin bu infrastrukturun imkanları məhduddur və ona görə də yalnız müqavilə ilə müəyyən olunan həcmləri nəql edə bilir.

Qeyd olunur ki, qaz kəmərinin tikintisini əsasən Yunanıstanın "Avax" şirkəti həyata keçirir. Şirkət kəmərin istismara verilməsi müddətinin növbəti dəfə uzadılmasını istəyib, lakin Bolqarıstan hökuməti bundan imtina edib. Hazırda qaz kəmərinin yeni müəyyən edilmiş istismara verilməsi tarixinin (1 iyul 2022-ci il) yerinə yetirilməməyi riski var.

Bolqarıstan israr edir ki, hədəf qoyulan bu tarix müzakirə edilə bilməz.

"Məqsəd ondan ibarətdir ki, Yunanıstanla qaz kəməri iyulun 1-dək istismara verilsin ki, o, növbəti istilik mövsümünə hazır olsun və Bolqarıstan Azərbaycanla razılaşmaya uyğun olaraq, təbii qazın bütün həcmini alsın", - Nikolov millət vəkillərinə müraciət edərək deyib.

O təklif edib ki, kəməri tamamlamaq üçün yeni inşaatçı tapmaq olar. Tikinti müqaviləsinə əsasən gecikməyə görə bu il yanvarın 1-dən "Avax" şirkəti hər gün 90 min avro məbləğində cərimə ödəməlidir. Bu pul hələ ödənilməyib, lakin bu məbləğ də Bolqarıstanın itkilərini ödəyə bilməz.

Xatırladaq ki, Komotini (Yunanıstan) və Stara Zaqora (Bolqarıstan) arasında tikilən 182 km-lik IGB boru kəmərinin illik ötürmə gücü 3 mlrd. kubmetr olacaq, gələcəkdə bu göstərici 5 mlrd. kubmetrə çatdırıla bilər.

Bolqarıstanın "Bulgargaz" şirkəti "Şahdəniz-2" layihəsi çərçivəsində "Şahdəniz" qaz-kondensat yataöının işlənilməsi üzrə konsorsiumu ilə ildə 1 mlrd. kubmetr qazın nəqli ilə bağlı müqavilə imzalayıb. Azərbaycan 2020-ci ilin dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsi ilə Avropaya qaz ixracına başlayıb. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR