Nazir müavini: Azərbaycanda qida sənayesi toplam olaraq istehsal sənayesinin 40%-ni təşkil edir

Nazir müavini: Azərbaycanda qida sənayesi toplam olaraq istehsal sənayesinin 40%-ni təşkil edir
# 31 oktyabr 2019 09:53 (UTC +04:00)

Azərbaycanda qida sənayesi və bütövlükdə içkilərin və şirələrin hazırlanması toplam olaraq istehsal sənayesinin 40%-ni təşkil edir.

"APA-Economics"in məlumatına görə, bunu Bakıda keçirilən "Eurasia Road Show 2019" konfransında çıxış edən Azərbaycanın İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov deyib.

Onun sözlərinə görə, bu baxımdan ölkədə istehsalın həcmi artmaqdadır və ötən il ərzində ölkə üzrə 29 mln. litr məhsul istehsal olunub.

"Bu sahədə kifayət qədər yüksək artım müşahidə olundu. Belə ki, bir il bundan öncə bu rəqəm təqribən 22 mln. litrə bərabər idi", - deyə R. Məmmədov qeyd edib.

Nazir müavini əlavə edib ki, bu məhsullar əsasən yerli istehlak üçün istehsal olunur və əsas məqsədlərdən biri də bu növ məhsulların ixrac potensialının artırılmasıdır.

"Bu gün ölkədə istehsal olunan şirələr təxminən 50 ölkəyə ixrac edilir. Bu, Azərbaycan üçün kifayət qədər əlamətdar bir rəqəmdir. Yerli istehsal qlobal bazarlarda rəqabət apara bilir. Məhz keyfiyyət standartları, eyni zamanda tənzimləyici normalar, satış və marketinq məsələləri böyük əhəmiyyət daşıyır və bu məhsulun xarici bazarlara çıxarılması ilə bağlı bir sıra proseslər var. Mən inanıram ki, bu sahədə paylaşılan təcrübələr, aparılan fikir mübadiləsi bizim ortaq məqsədə xidmət edəcək. Bu, həm istehsalçılara, həm də ixracatla məşğul olan sahibkarlara əlavə dəyər qatacaq", - deyə nazir müavini əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR