Nazir: "Şuşada “yaşıl enerji” layihələri üzrə yeni müqaviləyə imza atacağıq"

Pərviz Şahbazov

© APA | Pərviz Şahbazov

# 02 iyun 2022 10:37 (UTC +04:00)

Enerji təhlükəsizliyi və dekarbonizasiyanın belə bir sinerjisi “yaşıl enerji" keçidini sürətləndirən, onu enerji müstəqilliyinin drayverinə çevirən müasir qlobal tendensiyadır.

"APA-Economics" xəbər verir ki, bu barədə Bakı Enerji Forumunda çıxış edən Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib.

Onun sözlərinə görə, mürəkkəb reallıqda yeni həllər dünya əhalisinin, təxminən 80%-nin yaşadığı netto-enerji idxalçısı olan ölkələr qədər enerji ölkələrinin də inkişaf kurslarına istiqamət verir. Bu ənənəvi neft-qaz platformasının enerji forumuna çevrilməsi də məhz milli enerji sektorunda dəyişikliklərin təzahürüdür: “Bu gün burada deyə bilərik ki, Azərbaycanın enerji sisteminin dinamikasını dəyişəcək transformativ proseslər baş verir. Xəzərin enerji tarixində tamamilə fərqli, yeni bir səhifə açılır. Belə ki, iki gün sonra Qarabağın incisi Şuşada iri həcmli “yaşıl enerji” layihələri üzrə yeni müqaviləyə imza atacağıq. Belə davamlı təşəbbüslər Azərbaycan Prezidentinin ölkənin inkişafında bərpa olunan enerji mənbələrini strateji prioritet kimi təsbit edən “yaşıl enerji” kursuna qısa müddətdə beynəlxalq marağın göstəricisidir. Azad edilmiş ərazilərin zəngin bərpa olunan enerji potensialının “sıfır emissiya”lı “yaşıl enerji” zonası konsepsiyasında istifadəsi çağırışına investorların adekvat reaksiyasıdır”.

Çıxışda Azərbaycanın “yaşıl” artım ölkəsinə transformasiyasında ağırlıq mərkəzinin tamamilə bərpa olunan enerjidən istifadəyə əsaslanan “yaşıl enerji” enerji zonası kimi Qarabağ-Şərqi Zəngəzur və 157 QVt-lıq külək enerjisi potensialı olan Xəzər dənizinin üzərinə düşdüyü, bu geostrateji əhəmiyyətli məkanların Azərbaycanın həm də “yaşıl enerji” ixracının mənbəyi olacağı qeyd edilib.

İxrac marşrutları qismində Zəngəzur dəhlizi, Qara dəniz üzərindən planlaşdırılan yeni ötürücü xətlərdən bəhs edilib.

Azərbaycanın enerji sahəsində çoxistiqamətli islahatlarla dəstəklənən “yaşıl” gündəliyinin qlobal inkişaf meylləri ilə uzlaşdığını deyən nazir bildirib ki, Azərbaycan irəlidə qənaət ediləcək qazın, “yaşıl enerji” və “təmiz” hidrogenin ixracı sayəsində qonşu ölkələr və Avropa ilə enerji tərəfdaşlığını bir çox alternativ mənbələr üzrə genişləndirən ölkə olacaq.

Nazir “Enerji keçidi dövründə dəyişən dünyada yeni imkanlar və problemlər” mövzusunda müzakirələrdə də iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR