Qazın təzyiqinə, temperaturuna, tərkibinə dair tələblər təsdiq edilib

Qazın təzyiqinə, temperaturuna, tərkibinə dair tələblər təsdiq edilib
# 07 fevral 2023 12:42 (UTC +04:00)

Qaz qurğularının qazın atmosferə buraxılmamasına, habelə qazın təzyiqinə, temperaturuna, tərkibinə və digər göstəricilərinə dair tələblər təsdiq edilib.

APA xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, qazın keyfiyyət göstəricilərinin texniki reqlamentlərin (texniki reqlamentlər qüvvəyə minənədək qazın keyfiyyət
göstəricilərinin dövlət standartlarının) tələblərinə uyğunluğuna nəzarət Energetika Nazirliyi tərəfindən həyata keçirilir.

Bu sənəddə istifadə olunan anlayışlar Qanunda və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş mənaları ifadə edir.

Qərara əsasən, qaz qurğuları qazın atmosferə buraxılmamasını təmin etməli və başqa qurğu və əməliyyatların təhlükəli təsirindən mühafizə olunmalıdır.
Qaz qurğularına qazın atmosferə buraxılmamasına dair aşağıdakı tələblər müəyyən edilir:
- qaz qurğuları “Texniki tənzimləmə haqqında” qanuna uyğun olaraq qəbul edilmiş texniki reqlamentlərin tələblərinə cavab verməlidir;
- sənaye qaz qurğularında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” ilə müəyyən edilmiş hallarda və müddətlərdə buraxılış-sazlama və rejim-sazlama işləri aparılmalıdır;
- qaz qurğuları onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun istismar edilməlidir;
-qaz qurğusu işə salındıqdan dərhal sonra və onun istismarı zamanı qazın yanma məhsullarının (tüstü qazlarının) tüstü bacalarına ötürülməsi ilə havanın sorulması yoxlanılmalıdır.
Qazın keyfiyyət göstəricilərinə dair tələblər müəyyənləşib.
İstehlakçıya satılan qazın keyfiyyət göstəriciləri “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qəbul edilmiş texniki reqlamentlərin tələblərinə cavab verməlidir.
Qazın keyfiyyət göstəricilərinin texniki reqlamentlərin (texniki reqlamentlər qüvvəyə minənədək qazın keyfiyyət göstəricilərinin dövlət standartlarının) tələblərinə uyğunluğuna qaz paylayıcısı tərəfindən riayət olunmalıdır.
Qaz qurğularının qazın atmosferə buraxılmaması göstəricisinə dair tələblərin və qazın keyfiyyət göstəricilərinin texniki reqlamentlərin tələblərinə uyğunluğunun müəyyənləşdirilməsi “Texniki tənzimləmə haqqında” və “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikası qanunlarının tələbləri nəzərə alınmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na uyğun həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR