SOCAR: Azərbaycandakı neft-qaz layihələrinə yeni şirkətin qatılması müsbət haldır

SOCAR: Azərbaycandakı neft-qaz layihələrinə yeni şirkətin qatılması müsbət haldır
# 05 noyabr 2019 13:18 (UTC +04:00)

SOCAR ABŞ-ın “Chevron” şirkətinin Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqlar blokunda və Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərində payların Macarıstanın MOL şirkətinə satmaq qərarını müsbət qiymətləndirir.

"APA-Economics"in məlumatına görə, bunu SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov "Neft Daşları"na təşkil edilmiş media-tur zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanda həyata keçirilən neft-qaz layihələrinə yeni şirkətin qatılması müsbət haldır. Macarıstanın MOL şirkəti Mərkəzi-Şərqi Avropanın nüfuzlu şirkətlərindən biridir.

"Təzə regiondan şirkətin layihəyə qoşulması yeni əməkdaşlıq perspektivləri açır", - deyə İ. Əhmədov qeyd edib.

O həmçinin bildirib ki, yeni saziş layihələrdə Azərbaycan hökumətini təmsil edən SOCAR tərəfindən üç ay ərzində təsdiq ediləcəyi gözlənilir.

Qeyd edək ki, MOL “Chevron Global Ventures Ltd.” və “Chevron BTC Pipeline, Ltd.” şirkətlərinin AÇG və BTC-də olan payların satın alınmasına dair müqavilə imzalayıb. Müqavilənin dəyəri 1,57 mlrd. ABŞ dollarıdır (sövdələşmənin başa çatması zamanı düzəlişlərin edilməsi şərti ilə – red.). Müqaviləyə görə, MOL ABŞ-ın “Chevron” şirkətinin AÇG-dəki 9,57% və BTC-dəki 8,9% paylarına sahiblik edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR