Metyu Brayzanın “samoopredelenie” yanlışı: Bilərəkdən, yoxsa bilməyərəkdən? - TƏHLİL

Metyu Brayzanın “samoopredelenie” yanlışı: Bilərəkdən, yoxsa bilməyərəkdən? - <font color=red>TƏHLİL</font>
# 08 may 2009 12:40 (UTC +04:00)
Bakı. Vüqar Məsimoğlu-APA. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində həlledici rol oynayacağı gözlənilən prezidentlərin Praqa görüşü gözlənilən effekti vermədi. Ən maraqlı məqam isə ilk dəfə olaraq görüşün nəticələrinə dair verilən açıqlamaların bir-birindən kəskin şəkildə fərqlənməsidir.

Həmsədr ölkə Praqa görüşünün gərgin keçdiyini təsdiqləyir

İstər görüşdən sonra keçirilən mətbuat konfransında həmsədrlərin söylədiyi fikirlər, istərsə amerikalı həmsədr Metyu Brayzanın “Azadlıq” radiosuna verdiyi müsahibə danışıqların konstruktiv məcrada keçdiyi, tərəflərin baza prinsiplərinin ideyaları üzrə razılığa gəldiklərini göstərirdi. Lakin bu optimist açıqlamalar diplomatik mənbələrin verdiyi məlumatlarla daban-dabana ziddiyyət təşkil edir. Praqa görüşü başa çatdıqdan sonra diplomatik mənbələrin verdiyi məlumatlarda danışıqların gərgin məcrada keçdiyi, Ermənistanın razılaşdırılan dialoq prosesindən çıxaraq iki il əvvəlki təklifləri yenidən gündəmə gətirdiyi bildirilirdi. Fransanın xarici işlər naziri Bernar Kuşnerin görüşə dair dəyərləndirməsi də diplomatik mənbələrin verdiyi məlumatı təsdiqləyir. Cənab Kuşner “Exo Moskvı” radiostansiyasına müsahibəsində görüşün gərgin keçdiyini, tərəflər arasında hələ də çoxlu sayda anlaşılmazlıqlar olduğunu bildirib. Dəyərləndirmələrdəki bu ziddiyyətlər Praqa görüşünün gözlənilən nəticə vermədiyini təsdiqləyir.

Ermənistan iki il əvvəlki təklifləri niyə yenidən gündəmə gətirir?

Ermənistanın Madrid prosesindən əvvəl müzakirə olunan təklifləri yenidən ciddi-cəhdlə gündəmə gətirməsi o deməkdir ki, münaqişənin nizamlanmasının təməl prinsiplərinə dair tezliklə razılaşma əldə olunacağı barədə fikirlər inandırıcı deyil. Əslində rəsmi İrəvanın dialoqun məcrasını dəyişdirmək cəhdlərinin obyektiv əsasları var. Madrid prosesindən əvvəlki təkliflərin gözlənilmədən yenidən gündəmə gətirilməsi (baxmayaraq ki, prezidentlərin görüşü razılaşdırılan zaman müzakirə olunacaq məsələlər də dəqiqliklə tərəflər arasında əvvəlcədən razılaşdırılır) Ermənistanın masada olan nizamlanma təklifindən boyun qaçırması deməkdir. Hələ Praqa görüşündən əvvəl belə bir ehtimal mövcud idi, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın dövlət katibi ilə görüşdən sonra verdiyi açıqlamada bildirmişdi ki, “Ermənistan münaqişənin həlli istiqamətində hələ də tərəddüd keçirir və böyük ümidlərlə başlanan prosesin nəticə verib-verməyəcəyi Praqa görüşündə məlum olacaq”. Rəsmi İrəvanın doğurdan da nizamlanma prosesinə hazır olmadığı, tərəddüd keçirdiyi Praqa görüşündə təsdiqini tapdı, prezident Serj Sərkisyanın gündəmdə olan nizamlanma formulundan imtina edərək iki il əvvəl müzakirə olunan və razılaşdırılmayan təklifləri yenidən gündəmə gətirməsi başqa cür izah oluna bilməz.

İrəvanın tərəddüdlərinin obyektiv əsasları

Ermənistanın tərəddüdlərinin obyektiv əsasları var. Birincisi, köhnə təkliflərin yenidən gündəmə gətirilməsi nizamlanma prosesinin uzadılması və Ermənistanın əlavə vaxt udması deməkdir. İkincisi, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair altıtərəfli siyasi dialoq prosesinə start verildikdən sonra erməni diasporunun rəsmi İrəvana qarşı təzyiqləri artıb. Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın ABŞ-a səfəri zamanı Amerika Erməni Milli Komitəsi rəhbərlərinin onunla görüşdən imtina etməsi buna sübutdur. Bu nümayişkaranə imtina qərarı erməni diasporunun masadakı həll planından narazı olması deməkdir. Bir tərəfdən Minsk Qrupuna həmsədrlik edən ölkələrin təkidi ilə nizamlanma prosesinə razılaşan (məcbur edilən) Ermənistan digər tərəfdən erməni diasporunun təzyiqləri ilə üz-üzə qalıb. Sərkisyan iqtidarı üçün hər iki tərəfdən edilən təzyiqləri balanslaşdırmaq üçün yeganə çıxış yolu nizamlanma prosesinin uzatmaq və vaxt udmaqdır. Bu məqsəd üçün ən gözəl vasitə isə gündəmdən qalxmış təklifləri yenidən masa üstünə qoymaqdır ki, Serj Sərkisyan da Praqa görüşündə bu addımı atıb.

Türkiyə-Ermənistan yaxınlaşmasının ilk zərbəsi Dağlıq Qarabağ münaqişəsinə dəydi!

Üçüncü obyektiv əsas isə Ermənistan-Türkiyə münasibətlərində nəzərə çarpan irəliləyişlərdir. Rəsmi İrəvan hələ ilk əvvəldən Türkiyə ilə sərhədlərin açılması ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi arasında bağlılıq olmadığını iddia edirdi. İlk vaxtlar Türkiyənin mövqeyində də analoji çalarlar müşahidə olunsa da, sonradan ən müxtəlif səviyyələrdə sərhədlərin açılması ilə münaqişənin nizamlanma prosesinin paralel aparıldığı barədə bəyanatlar səsləndi. Lakin amerikalı həmsədr Metyu Brayza “Azadlıq” radiosuna verdiyi müsahibədə bu prosesin paralel aparıldığını təsdiqləsə də, bir-birindən asılı məsələlər olmadığını vurğulayıb: “Dağlıq Qarabağ və Türkiyə-Ermənistan münasibətlərinin yaxşılaşması prosesləri iki ayrı proseslərdir. Onlar paralel, amma fərqli sürətlə irəliləyir. Və birində müəyyən irəliləyiş əldə ediləndə bu digərinə də müsbət təsir edə bilir”. Həmsədr bu açıqlaması ilə Türkiyə-Ermənistan münasibətlərinin yaxşılaşma prosesinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına nisbətən daha irəli getdiyini təsdiqləyib. Ermənistanı gündəmi asanlıqla dəyişməyə vadar edən amillərdən biri də budur. İrəvan Türkiyə ilə münasibətlərin kifayət qədər irəli getdiyini, qarşısıalınmaz proses həddinə çatdığını, münaqişənin nizamlanmasında irəliləyiş əldə olunmasa belə, Türkiyənin bu prosesi dayandırmayacağını nəzərə alaraq Azərbaycanı fakt qarşısında qoymaq istəyib.

Çox güman ki, rəsmi İrəvan Türkiyənin “Dağlıq Qarabağ münaqişəsi həll olunmayınca Ermənistanla sərhədlər açılmayacaq” prinsipinə xarici təzyiqlər nəticəsində sonadək riayət edə bilməyəcəyini düşünür. Bu ehtimalın özünü nə dərəcədə doğruldacağı yaxın zamanlarda məlum olacaq, lakin fakt-faktlığında qalır: “Türkiyə-Ermənistan yaxınlaşması İrəvanın siyasi mövqeyini daha da gücləndirib və bu proses gözlənildiyinin əksinə olaraq Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə mənfi təsir göstərib”. İrəvanın “öncə sərhədlər açılsın , sonra münaqişənin nizamlanması məsələsinə baxarıq” siyasətinin ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ABŞ tərəfindən dəstəkləndiyi ehtimalı da var Praqa görüşünü dəyərləndirən Metyu Brayzanın “Proseslərdən birində müəyyən irəliləyiş əldə ediləndə bu digərinə də müsbət təsir göstərə bilər” tapmacasının açması belədir: “Türkiyə-Ermənistan sərhədlərinin açılması Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasından əvvəl həyata keçirilməlidir və bu proses münaqişənin nizamlanmasına kömək edə bilər” Göründüyü kimi amerikalı həmsədr bu fikirləri ilə Ermənistanın Praqa görüşündə seçdiyi “öncə sərhədlər açılsın , sonra münaqişənin nizamlanması məsələsinə baxarıq” taktikasını dəstəkləmiş olub.

“Samoopredelenie”, yoxsa “samoupravlenie”?

Metyu Brazyanın görüşə dair dəyərləndirməsində daha bir maraqlı məqam var. Azərbaycan prezidentinin iki həftə əvvəl verdiyi bəyanatda Dağlıq Qarabağ ermənilərinin öz milli müqəddəratını təyin etmə hüququna hörmətlə yanaşdığı söyləyən amerikalı həmsədr bu bəyanatla Azərbaycan əhalisinin əsas prinsiplərdən birinə razılaşmaya hazırlanması istiqamətində əhəmiyyətli addım atıldığını bildirib: “Prezident Əliyev həm Laçın dəhlizi haqqında danışdı, bu dəhlizin Qarabağ əhalisinin özünü təhlükəsiz hiss etməsinin, özünü idarəni, öz müqəddəratını təyin etməni (rusca əlavə edir: samoopredeleniye) davam etdirməsinin vacibliyindən danışdı. Bu bəyanatı edən o idi və bununla o, Azərbaycan əhalisinin əsas prinsiplərlə bağlı razılaşmaya hazırlanması üçün əhəmiyyətli addım atdı”. Söhbət Azərbaycan prezidentinin aprelin 18-də Moskvaya işgüzar səfəri çərçivəsində Rusiyanın “Vesti” kanalına və İTAR-TASS agentliyinə verdiyi müsahibədə səsləndirdiyi fikirlərdən gedir. Prezidentin müsahibəsinin Metyu Brazyanın istinad etdiyi hissəsində isə belə fikirlər yoxdur: “Bizim təklifimizdə də məhz hazırda orada, Dağlıq Qarabağda yaşayan və gələcəkdə də yaşayacaq insanların təhlükəsizliyi öz əksini tapır; Dağlıq Qarabağın yerli özünüidarə məsələləri öz əksini tapır; Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi məsələləri də öz əksini tapır. Dağlıq Qarabağın statusu haqqında qərar qəbul edilməsi qeyri-müəyyən vaxta təxirə salına bilər. İndiki halda biz Minsk qrupu həmsədrlərinin təklifini dəstəkləyirik. Münaqişənin nəticələrini aradan qaldırmaq lazımdır, Ermənistan işğalçı qüvvələrinin Dağlıq Qarabağın inzibati sərhədindən kənarda yerləşən ərazilərdən də çıxarılmasına nail olmaq lazımdır. Biz Ermənistan ilə Dağlıq Qarabağ arasında yerüstü əlaqəyə malik olmağın erməni tərəfi üçün vacibliyini başa düşürük və bu məsələdə problem görmürük. Laçın dəhlizi ilə bağlı məsələlər elə səmərəli həll edilə bilər ki, həm bu gün Dağlıq Qarabağda yaşayanların, həm də münaqişənin həllindən sonra oraya qayıdacaq azərbaycanlı əhalinin kommunikasiya blokadasında qalmaq baxımından narahatlığı olmasın.
Yəni biz bu məsələyə məhz elə yanaşmağa çalışırıq ki, onu həll etmək mümkün olsun. Həm bizim təklifimizdə, həm də Minsk qrupu həmsədrlərinin təklifində ərazi bütövlüyünün bərpası, təhlükəsizliyə zəmanətin təmin edilməsi, bütün qaçqınların və daxili köçkünlərin Dağlıq Qarabağın ətrafındakı tarixi torpaqlarına və Dağlıq Qarabağa qaytarılması və gələcəkdə Dağlıq Qarabağın statusu barəsində hər iki tərəfi qane edən qərar qəbul olunması məsələləri əlaqələndirilir. Dağlıq Qarabağın statusu haqqında birtərəfli qərar qəbul edilə bilməz. Dağlıq Qarabağın Azərbaycandan hüquqi cəhətdən ayrılması mexanizmini nəzərdə tutan proseslərdə Azərbaycan özünün iştirakını mümkün saymır və heç vaxt bu proseslərdə iştirak etməyəcəkdir. Bu, bizim birmənalı mövqeyimizdir.
Eyni zamanda, biz başa düşürük ki, münaqişənin həlli üçün orada yaşayan insanlar özlərini təhlükəsiz şəraitdə hiss etməli, özünüidarə imkanlarına malik olmalı, öz həyatlarını yaşamalıdırlar. Bu baxımdan bizim heç bir amirlik cəhdlərimiz və ya onların həyatına müdaxilə cəhdlərimiz yoxdur. Yəni mənim fikrimcə, bütün bu amillər birlikdə münaqişənin həllində irəliləyişə gətirib çıxara bilər”.


Metyu Brayzanın anlaşılmayan (?) sevinci

Göründüyü kimi dövlət başçısı ermənilərin milli müqəddəratını təyin etməsindən deyil, onların yerli özünüidarəetmə hüququna malik olmasından danışıb. Bu mənada amerikalı həmsədr Metyu Brazya çox güman ki, “SAMOUPRAVLENİE”“SAMOOPREDELENİE” anlayışlarının mənasını dəyişik salıb. Birinci anlayış yerli özünüidarə orqanlarının formalaşdırılmasını, ikinci anlayış isə hər hansı millətin dövlət qurmaq hüququnun olduğunu ehtiva edir. Prezident “məhz münaqişənin həlli üçün orada yaşayan insanlar özlərini təhlükəsiz şəraitdə hiss etməli, özünüidarə imkanlarına malik olmalı” olduğunu söyləyib. Metyu Brayzanın yanlışı həm də münaqişənin nizamlanmasında vasitəçilik edən Minsk Qrupunun əsas hədəflərindən birini ortaya qoyub – həmsədrlər münaqişənin nizamlanma prosesi çərçivəsində Azərbaycanın Dağlıq Qarabağın milli müqəddəratını təyin etmə hüququnu tanımasını istəyirlər və uzun illər ərzində aparılan danışıqların əsas məqsədlərindən biri budur. Əks halda “samoupravlenie” ve “samoopredelenie” sözlərinin mənasını dəyişik salan Metyu Brayza sevincək “Azərbaycan əhalisinin əsas prinsiplərlə bağlı razılaşmaya hazırlanması üçün əhəmiyyətli addım atıldığını” bəyan etməzdi. Təəssüf! /APA-ANALİTİKA /
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR